Ramiz Göyüşovun söz və yazı manerası…

0
14237
ramiz-goyusov-bineqedi
Ramiz Göyüşovun ölməz Səməd Vurğunsayağı şeir söyləmə, söhbət etmə manerası, lirik pafosu, şirin avazı var. Hətta siyasi çıxışlarında belə o, həmin maneranı, həmin pafosu, həmin avazı qoruyub saxlayır.
Bu da Ramiz müəllimi dinləyənlərdə onun söylədiyi nitqə qarşı diqqətli olmağı təlqin edir. Bax bütün belə keyfiyyətlər həqiqətən də Allah vergisi dediyimiz bir sərvətdir ki, bu sərvəti uca Yaradan Ramiz müəllimdən əskik etməmişdir.
Bədii yaradıcılıq elə bir meyardır ki, onun izahını, təhlilini vermək mümkün olduğu qədər də, mümkünsüzdür. Heçdən var olan şeyin təhlilini biz yalnız düşündüyümüz və anladığımız hikmətlərlə əsaslandırır və müəyyən bir qənaətə gələrək ortaya çıxarırıq. Ancaq gözəgörünməz bir vəhhdən doğulan və ya qəfildən peyda olan bir hissin, duyğunun yaratdığı gerçəklik, gözlə görünmədiyi kimi, ağlın da dərk etmədiyi bir varlıqdan zühur edən möcüzədir. Bu möcüzə insanın dərrakəsində qaynayan hiss, duyğu bulağından süzülüb gəlir ki, bunu da yalnız və yalnız kainatın yaradıcılıq qüdrətinin qanunauyğunluğu kimi dəyərləndirmək doğrudur.
Bədii yaradıcılıq qəfil peyda olan buluda bənzəyir. Elmə görə buludlar buxarlanma nəticəsində yaranan su deposudur. Lakin gördüyümüz kimi bu su deposu göy üzündə müxtəlif formalarda bir rəsm tablosu kimi görünür, insanda lirik, romantik ovqat yaradır. Həmin bulud-tablo göy üzündə üzür, küləyin səmtinə görə istiqamət alır, lakin müəyyən bir prosesdən sonra buludun hamiləlik dövrü başlayır və bu dövr bitdikdən sonra bulud yağışa, qara, doluya çevrilir və buxarlandığı istiqamətə – Yerə doğru dönür. Hisslər və duyğular da eynən belədir. İnsan idrakının ağıl deposuna hardansa buxarlanaraq dolur və hansısa bir prosesdən sonra təxəyyülün ötürmə imkanları ilə fikir şəklində beyinə süzülür, oradan da leqallaşır. Ancaq buludların yer kürəsindən buxarlanma nəticəsində yarandığını bildiyimiz halda, fikrin və ya bədii yaradıcılığın dərrakə deposuna hardan buxarlanıb dolduğunu hazırkı insanın anlamaq qüdrəti yoxdur. Ona görə də biz bu məsələni yalnız Allah vergisi olaraq qəbullanmaqla kifayətlənirik. Ancaq Allahın bəxş etdiyi bu verginin hardan və necə buxarlandığını, eyni zamanda insan dərrakəsinin deposuna necə dolduğunu bizim anlamaq imkanlarımız sıfırdır. Bir də ki, bulub öz məkanına – Yer kürəsinə dönür, bəs bədii yaradıcılıq buxarlandığı məkana dönürmü? Bəlkə insanlar, dünyasını dəyişərkən, məhz heçdən var olan öz yaradıcılığını, peyda olduğu mənbəyinə qaytarır. Bu sualın cavabı yoxdur…
Göy üzünü bulud alarkən, adətən deyirlər ki, yağacaq. Lakin bəzən belə də deyilir ki, bu bulud erkək buluddur, yağmayacaq… Erkək bulub, dişi bulud – nə qədər qəribə və möcüzəvidir, elə deyilmi? Baxın, qəfl zühur edən hisslər və duyğular nəticəsində ortaya çıxan fikirlər də fərqli olur, erkək fikirlər, hansı ki, yağmayan buludlar kimi mənasızdır və ya gərəksizdir, belə də deyə bilərik ki, yağışa çevrilməyən bir görüntü tipli ovqatdır. Dişi fikirlər, bax bu, məncə bədii yaradıcılıqdır. İnsanın düşüncələrində öz hamiləlik dövrünü yaşayan ovqatın doğduğu fikirlərin bəzisi yağış misallı, bəzisi dolu və ya qar misallı…
Bir də, bədii yaradıcılıq elə bir hissin, duyğunun təzahürüdür ki, heç kəs deyə bilməz ki, bu hiss konkret olaraq kimdə yarana bilər və ya kimdə yaranmalı, kimdə yaranmamalıdır. Biz adətən belə davranırıq ki, məmur olan kəs bədii yaradıcılıqla məşğul olmamalıdır və ya elmlə heç bir əlaqəyə girməməlidir və ya tərsinə, bədii yaradıcılıqla məşğul olan insan başqa işlə məşğul olmamalıdır. Bütün bunlar kökündən yanlış fikirlərdir və bu münasibət, fikrimcə, bədii yaradıcılığa malik insanlara qısqanclığın nəticəsidir. İnsan bir sahəni seçərkən tam olaraq düşüncəsində haçansa, hansısa prosesin baş verə biləcəyinə əvvəlcədən necə əmin ola bilər?..
Bütün bu sualların cavabı, şeir-sənət yuvasında doğulmuş, Avey dağının havasını udmuş, Damcılı bulağın suyundan içmiş, sazın simlərindən qopan möcüzəvi melodiyalardan, ecazkar avazdan ruh almış, ixtisasca iqtisadçı olan, qəlbən isə şair təbiətli, sözün vazehinə yaxşı bələd olan, tez-tez dolub-boşalan buludlar kimi hər daima bizlərə öz bədii töhfələrini verən Ramiz Göyüşovun timsalında öz həqiqətinə qovuşdu. Və deyərdim ki, hətta bu qeyri-adilikdir və ürəyəyatımlı orijinallıqdır. Ramiz Göyüşovu biz bütün cəhətləri ilə bütöv bir insan olaraq görürük. İxtisasının əla bilicisi və digər komponentləri də özündə mükəmməl cəmləşdirən və bütün bu keyfiyyətləri ilə xoş təsir bağışlayan – İnsan… Görkəmli ədəbiyyatşünas alim Prof.Dr. Rüstəm Kamalın dediyi kimi, “Həyatımda ilk dəfədir ki, qeyri-filoloqun məqalələr toplusuna ön söz yazıram. Ramiz Göyüşov ixtisasca iqtisadçıdı. Amma mənim üşün bu xoş istinaddır.”
Bir də görürsən ki, işinin gərgin olmasına baxmayaraq Ramiz Göyüşov bir şairin və ya yazıçının yaradıcılığını incələyir. Bir baxırsan ki, hansısa bir şeiri böyük bir məqaləsində təhlil edir. Bütün bunlar onun mükəmməl düşüncə sahibi olan insan meyyarının ifadəsidir. Əslində də insan olan varlığın funksiyası məhz budur. Yəni özünü hər parametrdən istismar edərək cəmiyyətə yararlı olmaq.
Mənə görə idtisadçı Ramiz Göyüşov bir mənalı şəkildə şairdir!.. Niyə?.. Çünki şeiri bütün vücudu və ruhu ilə hiss edə bilir. Fərqi yoxdur, o şeir kimindir – özünün və ya özgənin… Ramiz Göyüşovun yazı və danışıq manerası, həmçinin adi söhbətlərində qurduğu cümlələrin poetik ahəngi onun daxili dünyasının poeziya dolu ovqatından xəbər verir. Onun yazdığı məqalələrin hər biri, həm öz elmi bütövlüyü, həm sadə üslubu ilə yanaşı fəlsəfi dərinliyi, həm də şairanə manerası ilə ədəbiyyatşünaslıq elminin ən mükəmməl nümunələridir. Ramiz Göyüşovun dünyasında toplanan bədii yaradıcılıq buludları istəyəndə yağışa, istəyəndə qara, istəyəndə də doluya dönür və yağır. Əsas odur ki, yağır. Lakin Ramiz Göyüşovun yaradıcılıq deposunda erkək buludlar sayağı fikirlər heç zaman doğulmur. Ona gərə də bu yağmurdan elə orijinal nümunələr çıxır ki, onun iqtisadçı olduğunu tamamilə unudursan. Bəzən də düşünürsən ki, yazıdakı ölçü-biçi məhz onun iqtisadçı kimi düşünə bilməyinin nəticəsidir. Ramiz müəllimin çıxışları da bir topa buluddan ələnən yağışa bənzəyir, istər siyasi mövzulu olsun, istər elmi, istər bədii, istərsə də adicə söhbət tipli, sadə məzmunlu fikirləri ehtiva etsin. Onun çıxışlarındakı rabitə, fikir aydınlığı, məna bütövlüyü, söhbət açdığı mövzunu lokanik şəkildə ifadə edə bilmə imkanları, fikrimcə onun ixtisasının özü ilə bağlıdır. Yəni ixtisası ilə bədii düşüncə aləminin vəhdəti üzvi şəkildə, elastik uyğunlaşma təşkil edir. İnsanın ruhunda özünə rahat yer tutan Ramiz Göyüşov düşüncə arealı bütün imkanları ilə istidir, yenidir, orijinaldır.
Onun kitablarının hər birinin adında bir şair nəfəsinin ruhu hiss olunur, şeiriyyat var. Daha doğrusu, məşhur şeirlərin sətirləri onun kitablarının adını poetik ruhla təmsil edir.
Diqqət yetirin, 2004-cü ildə çapdan çıxan “Sazla havalıyam, sözlə dəliyəm”, və ya “Sənsiz”, “Sən bizim ellərin ruhuna bir bax”, “Bizdə şeir də var sənət də vardır”…
O, yazdığı məqalələrin adlarını da elə müəyyənləşdirir ki, sanki hər biri bir saz havasıdır, bir dastan adıdır. “Bu dünya durduqca durasıyam mən”, “Ellər yaşadacaq şair ömrünü”, “Şuşada görüşmək arzusu ilə”, “Yurd süvgisi ilə döyünən ürək”, “Oğuz ruhu daşıyan adam”, “Bir gün olur itirərsiz Vaqifi”, “Üç rəngli göy qurşağı”, “Üç Göyəzən – Üç rəssamın iç dünyası”, “Daş haqqında düşüncələr”, “Tənha adamın nağılları” və sair… Bu yazıların adlarından onların mövzusunu, ruhunu və qayəsini dərhal müəyyənləşdirmək olur. Bu Ramiz Göyüşov üslubudur. Göyüşovun mövzu dairəsi genişdir. Yuxarıda da dediyim kimi, bəzən bir bənd şeirdən aldığı təəssüratla, böyük bir məqalə yaradır. Bəzən də hər hansı bir şairin, yazıçının əsərlərini özünəməxsus qələmlə təhlil edir. Elmi müstəviyə yüksəldir. Orijinal yanaşma ilə həmin əsərlər barədə yeni fikirlər ortaya qoyur.
Ramiz müəllim Mikayıl Müşfiqi çox sevir. Bizim onunla bu barədə dəfələrlə söhbətlərimiz olub. Hərə dəfə söhbətimizdə mütləq Müşfiqdən bir neçə şeiri əzbər söyləyib. Ramiz müəllim hər hansı bir yazıçıdan və ya şairdən danışarkən həmin ədiblərin yaradıcılıqlarından bir nümunə gətirməsə söhbətini yarımçıq hesab edər. O, bundan həzz alır. Şairdən söhbət düşərkən həmin şairin şeirlərindən mütləq əzbər şöyləyər. Heyran qalırsan Ramiz müəllimlə yaradıcılıq barədə söhbət edərkən. Hətta o, sadə söhbətləri belə poetik üslubda aparır. Təhkiyyələrlə, təkrirlərlə, bənzətmələrlə söhbəti dolğunlaşdırır və mütləq mövzuya dair şeir nümunələri ilə söhbəti bədiiləşdirir, şirinləşdirir, məzmunlu və rəngarəng edir.
Ramiz Göyüşov çox insana məxsus olmayan yumşaq təbiəti, mülayimliyi, xeyirxahlığı, insanpərvərliyi, səxavəti, sədaqəti, humanist ruhu ilə daima seçilir və hesab edirəm ki, bu da ona Tanrı tərəfindən verilmiş bədii yaradıcılıq misallı zəngin mənəvi dəyərdir və yüksək meyyarlı bir xislətdir ki, o, xeyir qüvvələrə məxsus olan belə xisləti ilə daima sevilir və cəmiyyətdə özünə yüksək yer tutur.
Bax bu xüsusiyyətlərinə görə mən Ramiz Göyüşovu düşünərkən gəzlərim önündə mütləq bir saz havası, yaz ətirli yeni bir şeir, nəhayət bir şair obrazı canlandırıram. Odur ki, günlərin bir günündə, bir səhər üzü, (23.07.2019. Saat 09.40) çoxdandır dolmuş bulud kimi sellənməyə hazır olan bir yağış misallı, içimdən sıyrılıb çıxmaq üçün təlaş edən kiçik bir şeir parçası ilə Ramiz qardaşımı belə tərənnüm etdim:
Ruhunda saz havası,
Könlündə söz havası,
Hər sazın pərdəsində
Ramizin öz havası –
Belə qardaşdı – Ramiz…
“Dilqəmi”ylə oyandı,
O, “Kərəmi”ylə yanandı…
“Ruhani”dən “Cəngi”yə,
“Yurd” yeriylə calandı –
Belə qardaşdı – Ramiz…
Təbi təravətlidi,
Qəlbi xoş niyyətlidi,
Hər kəsə xeyirxahdı,
Həm də, səxavətlidi –
Belə qardaşdı – Ramiz…
Şeirdə söz davası,
Əyriylə, düz davası,
Hər meyarın üstündə
Ramizin öz davası –
Belə qardaşdı – Ramiz…
Təbi Aveydən gəlir,
Damcılıdan dirçəlir,
Şeir-söz məclisində
Səsi ərşə yüksəlir –
Belə qardaşdı – Ramiz…
İstəyirsən, yoxla yüz,
Sözü bütöv, özü düz!
Məsləki, əqidəsi,
Amalı da düz, sözsüz –
Belə qardaşdı – Ramiz…
O, hər məclisdə başdı,
Hər dostuna sirdaşdı,
İftixar da deyir ki,
O hər kəsə candaşdı –
Belə qardaşdı – Ramiz…
Allah nuru üzündə,
Həyat eşqi gözündə,
Altmış beş nədi ki,
Bundan sonra yüzü də
Yaşa, qardaşım – Ramiz
İFTİXAR PİRİYEV
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi.
Əvvəlki məqaləBinəqədidə qəza – 3 maşını vurub, divara çırpıldı
Növbəti məqalədəBinəqədidə “1 Aləm!” layihəsinə start verilib