Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm. Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər.
Bineqedi.com saytı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.
Dövlət başçısı deyib: “Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi”.
Prezident qeyd edib ki, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq.
“Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”.
“Bizim hər bir qonşu ilə xüsusi ikitərəfli əməkdaşlıq gündəliyimiz var və bu gündəlik bütün qonşularla fərqlidir. Biz hər bir qonşumuzla ədalətli və səmimi davranırıq, heç vaxt vədimizi pozmuruq. Əgər nəyisə deyiriksə, qonşularımız əmin olurlar ki, biz onu edəcəyik. Bizim sözümüzün imzamız qədər qüvvəsi var. Ona görə də bu çətin vəziyyətdə biz nə Rusiyadan, nə də İrandan mövqeyimizlə bağlı hər hansı mesaj almamışıq”.
“Bizim mövqeyimiz çox sadədir. Biz hər bir dövlətin ərazi bütövlüyünü daim dəstəkləyirik və bu, fundamental mövqedir. Bəli, bu, bizim öz problemimizə əsaslanırdı. Çünki bizim ərazi bütövlüyümüz pozulmuşdu və biz indi ərazi bütövlüyümüzü bərpa etdikdən sonra da bu mövqedəyik. Çünki ölkənin ərazi bütövlüyü zor tətbiq edilərək pozula bilməz, bu, beynəlxalq hüququn pozulmasıdır. Bu mövqe kiminsə xoşuna gələ bilər, kiminsə yox, ancaq onlar bunu nəzərə almalıdırlar. Qısa olaraq demək istəyirəm ki, bizim regional inkişafla bağlı narahatçılıq yaradan heç bir məqamımız yoxdur”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Bu ilin altı ayında Azərbaycanda ümumi daxili məhsul 6,2, qeyri-enerji sektorunda isə demək olar ki, 10 faiz, qeyri-enerji ilə bağlı sənayedə isə 11 faizdən çox artıb, qeyri-enerji ixracı 25 faiz artıb.
“Beləliklə, bu, göstərir ki, artım göz qabağındadır, ancaq bu, kifayət deyil. Buna görə də bizim daha çox islahatlara, qeyri-enerji sektorunda daha çox sərmayəyə və bunu üçün də, əlbəttə ki, biznes mühitinə ehtiyacımız var. Əlbəttə ki, o sahədə irəliləyişlər var. Lakin bütün bu bürokratik maneələri və keçmiş sovet dövrünün psixoloji mirasını aradan qaldırmaq üçün hələ də çox iş görməliyik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Azərbaycan, Ermənistan və digər qonşularımızı birləşdirən infrastrukturun yaradılması məsələsi müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb.
“Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. Bütün işlər gedir və biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Bineqedi.com