“Azərbaycan və Ermənistan arasında sülh sazişinin hansısa şəkildə real nəticələrini gözləmək hələ tezdir”.
Bineqedi.com saytı xəbər verir ki, bunu modern.az-asabiq xarici işlər naziri Tofiq Zülfüqarov Brüssel görüşündən danışarkən deyib. Eks-nazir bildirib ki, sülh sazişi ilə əlaqədar hələ bir neçə ay öncə ilkin cəhd edilib. Azərbaycan tərəfi sülh sazişinin hazırlanması üçün prinsiplər irəli sürüb, ancaq ermənilər buna “yox” cavabı veriblər.
T. Zülfüqarovun fikrincə, ümumiyyətlə post-konflikt dönəmində hansısa məsələdə razılığa gəlmək üçün tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır.
Sabiq XİN başçısı vurğulayıb ki, hazırki şəraitdə sülhün əldə olunması üçün ilk addım ərazi bütövlüyünün tanınmasıdır. Ancaq ermənilər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımağa hazır deyillər. Onlar hələ də düşünürlər ki, bölgə ilə bağlı danışıqlar aparılıb, status qəbul edilməlidir, məhz bundan sonra Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaq olar.
“Xatırlatmaq istərdim ki, onlar hələ 30 il bundan öncə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, hərbi təcavüz həyata keçiriblər. Bu gün də onlar öz əməllərinə son qoymayacaqlarsa, sülh sazişi barədə razılığa gəlmək mümkün olmayacaq. Çünki Azərbaycan ermənilərin belə mövqeyi ilə heç vaxt razılaşmayacaq. Onlar dildə deyirlər ki, ərazi bütövlüyünü tanıyırlar, ancaq bu məsələdə sanki bizi lağa qoyurlar. Deyirlər ki, biz sizin ərazinizi 1990-cı ildə tanıdıq. Bu necə tanımaqdır ki, sən mənim ərazilərimi işğal edib, 20 faiz torpağımı dağıtmısan, etnik təmizləmə etmisən. Ondan sonra deyirsən ki, mən sənin ərazi bütövlüyünü çoxdan tanımışam. Bu baxımdan qarşı tərəfin mövqeyi ciddi görsənmir. Azərbaycan məhz buna görə, Ermənistandan rəsmən tələb edir ki, ərazi bütövlüyümüzü tanısın. Əgər bu olmayacaqsa, mən yenə deyirəm ki, istər Brüssel, istər Moskva görüşü olsun, sülh danışıqlarında müsbət nəticə gözlənə bilməz”,- deyə sabiq nazir vurğulayıb.
Qeyd edək ki, avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. 4 saata yaxın davam edən görüşdə sülh müqaviləsinə hazırlıq məsələləri müzakirə olunub.
Bineqedi.com