Binəqədi qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı Kompleksində Vətən müharibəsi şəhidi – əsgər İbrahim Abdulla oğlu İbrahimovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.
Bineqedi.com xəbər verir ki, anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi, Azərbaycan tarixinə şərəfli səhifələr yazdı. Biz böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, tarixini yeni bir səhifədən başlayan bir Zəfər oldu. Şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla anılacaq, onların qəhrəmanlıqları, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətənə bəxş etdiyi tarixi Zəfər əbədi olaraq dünya tarixinə yazılacaqdır.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında vətən yolunda şəhid olmuş hər bir igidimizin xatirəsinin daim əziz tutulmasının önəmindən danışdı. Bildidi ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmuş və belə də olacaqdır. Torpaqlarımızın ərazi bütövlüyü yolunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyərək qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd etdi.
Şəhidimiz ilə bağlı xatirələrini bölüşən valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Bineqedi.com