Binəqədi sakinlərinin Prezidentə yazdıqları ən son MƏKTUBLAR

0
146
prezident-bineqedi

Prezident İlham Əliyevə vətəndaşlardan təşəkkür və dəstək məktubları gəlməkdə davam edir. 

Bineqedi.com saytı Binəqədi sakinlərinin dövlət başçısına ünvanladıqları ən son məktublardan bəzilərini təqdim edir:

Cənab Prezident.

Mən işlə təmin olunmağıma kömək göstərilməsi barədə Sizə ərizə ilə müraciət etmişdim. Sevinc və qürur hissi keçirərək bildirmək istəyirəm ki, müraciətim nəzərə alınaraq işlə təmin olunmuşam. Müraciətimə diqqətlə yanaşıb mənim işlə təmin olunmağıma kömək göstərildiyinə görə Sizə və bu işdə əməyi olan hər kəsə özümün və ailəmin adından sonsuz minnətdarlığımı bildirirəm.

Bir Azərbaycan vətəndaşı olaraq, çox şadam ki, biz sadə vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşan Sizin kimi Prezidentimiz var.

Bütün bu diqqət və qayğıya, həmçinin mənim işlə təmin olunmağıma kömək göstərilməsinə görə bir daha Sizə təşəkkürümü bildirirəm.

Allah Sizi və doğmalarınızı qorusun.

Hörmətlə,

Rzayeva Səkinə Natiq qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.

***

Möhtərəm cənab Prezident.

1990-cı illərin əvvəlində Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin dövlət idarəçiliyində, mövcud ictimai-siyasi vəziyyətində ciddi təhlükələrə və faciələrə gətirib çıxaran xaos, anarxiya və özbaşınalıq hökm sürürdü. Hər bir dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, sabitliyinin və xalqının firavanlığının əsas təməli məhz dövlətin idarə edilməsindən asılıdır. Təəssüflər olsun ki, o zaman hakimiyyətdə təmsil olunan AXC-Müsavat tandeminin yarıtmaz, məsuliyyətsiz və şəxsi ambisiyaları, öz hakimiyyətlərini daha uzun müddət saxlamaq üçün xarici maraqlı qüvvələrə meyillənməsi səbəbindən müstəqilliyimizin itirilməsi, vətəndaş müharibəsi təhlükələri, torpaqlarımızın işğalı kimi faciələrlə üz-üzə qaldıq. Bu təhlükələrin burulğanında müdrik xalqımız düşdüyü çox ağır vəziyyətdən çıxış yolları axtarır, özünün taleyini etibar edə biləcək şəxsiyyətə ümid bəsləyirdi. Doğma Azərbaycanımızın gələcək taleyindən narahat olan 91 nəfər ziyalımız ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevə adı tariximizə “91-lərin müraciəti” kimi qızıl hərflərlə əbədi həkk olunmuş, əslində, məğrur xalqımızın istək və arzusunu özündə ehtiva edən müraciət ünvanladı. Beləliklə, 1992-ci il noyabrın 21-də xalqımızın taleyinə biganə qalmayan ulu öndərimiz, uzaqgörən dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mənim də sıralarında qürurla təmsil olunduğum 550 nəfər nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın dövlətçilik və siyasi tarixində yeni dövrün başlanğıcı, gələcək intibahın və tərəqqinin əsas qayəsi oldu.

Bu gün ölkəmiz Sizin rəhbərliyinizlə ulu öndərimiz, müstəqil və müasir Azərbaycanımızın qurucusu və banisi Heydər Əliyevin siyasi ideologiyasına sadiq qalaraq dinamik inkişaf edir. Ölkəmiz regionun lider dövləti, dünyada söz sahibi olaraq, özünün inkişaf göstəriciləri ilə sayılıb seçilir. Dövlət başçısı kimi sizin uzaqgörən xarici siyasətiniz, diplomatik fəaliyyətiniz, Ali Baş Komandan kimi yenilməz qüdrətiniz və qətiyyətinizin sayəsində qəhrəman ordumuz 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüzü və beynəlxalq hüququn icra olunmayan qətnamələrini yerinə yetirdi. Siz Azərbaycan xalqının tarixində misli görünməmiş fədakarlıq, əzmkarlıq, mübarizlik göstərən, qəhrəman sərkərdə kimi şanlı iz qoydunuz. 44 günlük Vətən müharibəsində 30 ilik işğalda olan torpaqlarımızı azad edərək Zəfər tarixinə imza atan Müzəffər Ali Baş Komandan kimi nəinki öz adınızı, yüz minlərlə insanın təmsil olunduğu Yeni Azərbaycan Partiyasının da adını əbədi tarixə həkk etdiniz. Bu gün biz qürurlu, xoşbəxt, məğrur və qalib xalq kimi Sizə, əziz xatirəsi daim qəlbimizdə yaşayacaq şəhidlərimizə və qazilərimizə borcluyuq, minnətdarıq.

Hörmətli cənab Prezident, bu il biz doğma partiyamızın 30 illik yubiley tədbirini qeyd etdik. Sizin yubiley tədbirində çıxışınız bizlər üçün stimul, gələcək fəaliyyətimiz üçün əsas tezis, istiqamət oldu.

Sizin Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə imzaladığınız müvafiq Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxslə birlikdə “Tərəqqi” medalına layiq görülməyim məni sonsuz qürurlandırdı. Bu medalın mənim üçün ən böyük dəyəri Zati-alinizin imzası ilə olmağıdır. Göstərdiyiniz bu yüksək etimada görə Sizə dərin minnətdarlıq və ehtiramımı bildirir, bundan sonra da ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, Sizin rəhbərliyiniz altında dövlətimizin, xalqımızın və partiyamızın inkişafı naminə əzmlə və yorulmadan çalışacağıma söz verirəm.

Dərin hörmətlə, İsmayılov Vüsar Qəşəm oğlu

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri 

Azərbaycan Respublikası, Bakı şəhəri.

***

Möhtərəm cənab Prezident.

Mən öz halal zəhməti və dövlətin qayğısı ilə dolanan bir vətəndaşam. İki övladım var. Biri Vətən müharibəsi iştirakçısıdır, o biri isə 11-ci sinif şagirdidir. Həyat yoldaşım Qarabağ müharibəsində iştirak edib.

Biz aztəminatlı ailəyik. Dövlətimizin diqqət və qayğısını unuda bilmərəm. Yeni tədris ilinin başlanğıcında şagird qızım ehtiyac duyduğu məktəbli geyimi və lazımi məktəb ləvazimatları ilə təmin olundu.

Cənab Prezident, Sizin aidiyyəti qurumlar və məmurlar qarşısında qoyduğunuz tələblər və tapşırıqlar aztəminatlı ailələrin dolanışığına müsbət təsir göstərir. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi dövlətimizin başından əskik etməsin. Siz qətiyyətli və uğurlu siyasətinizlə Qarabağı ermənilərdən azad etdiniz.

Var olun, cənab Prezident.

Hörmətlə,

Mürəstə Vəliyeva, aztəminatlı ailənin üzvü

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi. 

***

Möhtərəm Prezident.

Mən müəyyən problemlər ucbatından ali təhsilimi yarımçıq qoymaq məcburiyyətində qalmışdım. Bununla əlaqədar, lazımi kömək göstərilməsi üçün müraciət etmişdim. Problemim həll olundu, təhsilimlə bağlı digər məsələləri də nəzarətdə saxlayırlar.

Cənab Prezident, keçirdiyim məmnunluq və Sizə olan minnətdarlıq hissini ifadə etməkdə çətinlik çəkirəm. Sizin təşəbbüsünüz və iradəniz sayəsində milyonlarla Azərbaycan vətəndaşının, xalqımızın evlərinə sevinc və xoşbəxtlik dolur. Bir vətəndaş olaraq ailəmlə birlikdə Sizə minnətdarıq.

Azərbaycan xalqı Sizinlə qürur duyur.

Hörmətlə,

Vüsalə İsmayılova

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.

***

Bineqedi.com

Əvvəlki məqaləBinəqədi rayonunda voleybol turniri keçirilib – FOTOLAR
Növbəti məqalədəNaxçıvanın yeni rəhbəri: “Bir az vaxt lazımdır” – VİDEO