“Sertifikasiya imtahanından keçə bilməyən tibb işçilərinə 6 ay ərzində maaş veriləcək”.
Bineqedi.com xəbər verir ki, bu sözləri iqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliyi şərh edərkən deyib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinə əsasən sertifikasiya imtahanından keçməyən tibb işçisi yenidən 6 ay ərzində hazırlaşıb imtahan verə bilər: “Bu zaman iş yeri saxlanılsa da, tibb işçisinə işə gəlməyə icazə verilmir. Lakin bu müddət ərzində onun aylıq əmək haqqının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olurdu. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulmuş və sözügedən 6 aylıq periodda işçilərin aylıq vəzifə (tarif) maaşının saxlanılması məqsədi ilə Qanunun 49-1-ci maddəsinin 11-ci hissəsinin 1-ci cümləsinə müvafiq dəyişiklik təklif olunub”.
Şöbə müdiri vurğulayıb ki, beləliklə də, bu layihənin qəbul edilməsi hər zaman insanların sağlamlığının keşiyində duran, digər peşələrin fövqündə yer alan müqəddəs peşə sahiblərinin – həkimlərimizin və tibb işçilərimizin inzibati amirlik resursları ilə deyil, yalnız davamlı təhsil yolu ilə inkişaf etmələrinə böyük töhfə olacaq.
***
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq.
Bineqedi.com apa-ya istinadən xəbər verir ki, bu barədə Əmək Məcəlləsinə dəyişiklik ediləcək.
Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədilə davamlı tədbirlər görülür:
“Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müəddəaların və sair məsələləri nəzərdə tutur”.