Binəqədidə məktəb direktoru ilə bağlı İDDİALAR: Sinif otaqları icarəyə verilir?

0
2907

Bakının Binəqədi rayonunda yerləşən 248 nömrəli orta məktəblə bağlı ciddi iddialar sosial şəbəkələrdə müzakirə mövzusu olub.

İddialarda məktəb direktorunun sinif otaqlarını qanunsuz olaraq icarəyə verdiyi və işə gəlməyən müəllimlərdən rüşvət aldığı vurğulanıb.

Məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Xəyyam Fərəcov açıqlamasında bildirdi ki, yayılan məlumatın heç bir əsası yoxdur.

“Həmin saxta profillə yazan şəxsi tanıyırıq. Əvvəllər bizim məktəbdə tarix müəllimi işləyib. 1961-ci il təvəllüdlü xanımdır. 2022-ci ildə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. İndi də məktəbin nüfuzuna xələl gətirmək üçün saxta profillə məktəblə bağlı böhtan xarakterli məlumatlar yazır. Əgər yazılan iddiaları sübuta yetirəcək hər hansı fakt varsa, buyurub onu təqdim edə bilər. Qanunvericilikdə vətəndaşların istənilən məsələ ilə bağlı müraciət etmə qaydaları var. Həmin qaydalara əsasən, istənilən şəxs adı, soyadı, imzası və faktları göstərməklə aidiyyəti yerlərə müraciət edə bilər. Hər hansı bir iddia varsa, onu gərək sübut edə biləcək dəlil olsun əlində. Belə bir şey yoxdur axı. Bir daha bildirmək istəyirəm ki, yazılan iddiaların heç bir əsası yoxdur, ola da bilməz”, – deyə X.Fərəcov bildirib.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan cavab olaraq bildirildi ki, təhsil müəssisələrində qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edilir.

“Təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, 146-1 saylı telefon vasitəsilə Çağrı Mərkəzinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq anonim məlumatlar istisna olmaqla, daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılır və müvafiq tədbirlər görülür”, – deyə məlumatda bildirilir.oxu.az

Əvvəlki məqaləMayın 17-dən bu yol tam bağlanacaq
Növbəti məqalədəBinəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə dəymiş ziyanın ödənilməsi tələb olunub