Binəqədi-Novxanı avtomobil yolunun üzərindəki piyada keçidindən istifadə etmək vətəndaşlar üçün ciddi həyati təhlükə mənbəyinə çevrilib.
Bunun səbəbi sözügedən ərazidə işıqforun mövcud olmaması ilə əlaqələndirilir.
“Binəqədi gənclər şəhərciyi” yaşayış massivinin sakinləri qeyd edirlər ki, mövcud problemin aradan qaldırılması, təhlükəsizliyin təmin olunması üçün ərazidə mütləq nizamlayıcı işıqfor quraşdırılmalı və avtobus dayanacağı yaradılmalıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Azərbaycan Televiziyasına (AzTV) bildirib ki, problemin həlli üçün sakinlər tərəfindən rəsmi qaydada müraciət olunmalıdır. Yalnız bundan sonra mütəxəssislər tərəfindən əraziyə baxış keçirilərək müvafiq addımlar atıla bilər.

















