Şuşaya atılan “İsgəndər-M” tapmacası: Moskva niyə susur?

0
74
iskender-isgender-susa
İşğaldan azad edilmiş Şuşaya Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketlərinin atılması ilə bağlı məsələ hələ də konkretləşməyib, bu “tapmaca” çözülməyb. Şuşada tapılmış qalıqlar “İsgəndər” operativ-taktiki raket kompleksindən (OTRK) buraxılmış iki “İsgəndər-M” raketlərinə məxsusdur.

Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) raketlərin qalıqlarının Şuşada bir-birindən 780 metr ara ilə iki ərazidə tapdığını bəyan edib.

Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları Bakıda nümayiş etdirilib. Qeyd olunur ki, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. Minatəmizləmə Agentliyinin əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İsgəndər-M” raketinin sadələşdirilmiş variantı olan, 280 kilometr məsafəyədək uçan “İsgəndər-E” raket kompleksi verib. Bununla müqayisədə “İsgəndər-M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 kilometrədək məsafə qət edə bilir.

ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov deyib ki, aşkar etdikləri iki raket gövdəsi və bir raket mühərrikidir.

“Hələ ki, iki raketin atıldığını deyə bilmirik, çünki bir mühərrik aşkar etmişik. Tapdığımız qalıqların üzərindəki kodlar isə onların “İsgəndər” raketi olduğunu təsdiq edir. Açıq internet resurslarında da yoxlamaqla bu kodun həmin raketlərin M versiyası olması təsdiqlənir. Araşdırmaların nəticələri aidiyyatı üzrə təhvil verilib,” – İ. İsmayılov söyləmişdi.

Şuşada qalıqları tapılan raketlərin üzərində aşkarlanmış “9M723” kodu “İsgəndər”in M, yəni modernləşdirilmiş varinatı olduğunu göstərir.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan “İsgəndər”lə bağlı sualı cavablandırmayıb, amma Kremlin sözçüsü Dmitri Peskov müharibə vaxtı Azərbaycana “İsgəndər” atılmaması ilə bağlı rəsmi Moskvanın əvvəlki mövqeyini təkrarlayıb.

Bu raketi Ermənistan Silahlı Qüvvələri atıbsa, Rusiyanın heç bir ölkəyə satmaq icazəsinin olmadığı “İsgəndər-M” raketlərini İrəvana kim, niyə və nə zaman verib, raket haradan və kimlər tərəfindən atılıb? Suallara konkret cavablar hələ də verilməyib.

“İsgəndər-M” raketlərinin ixracı beynəlxalq müqavilə ilə qadağan olunub. 1987-ci ildə ABŞ ilə SSRİ arasında imzalanmış həmin müqavilə orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair sazişdir. Rusiya həmin sazişdən 2019-cu ildə çıxıb. Sözügedən saziş “İsgəndər-M” kimi raketlərin nəinki satılmasını, hətta ləğvini nəzərdə tuturdu. Rusiya bu sazişin tələblərini də yerinə yetirməyib. Burada raketlərin tək Ermənistana ötürülməsi deyil, həm də ABŞ qarşısında öhdəliklərini yerinə yetirməməsi barəsində fakt ortaya çıxır.

ABŞ Müdafiə Nazirliyinin Şuşaya 2 “İsgəndər-M” raketinin atılması olayına çox ciddi reaksiya verəcəyi şübhəsizdir. Çünki Rusiya və Ermənistan arasında olan anlaşmaya görə, İrəvana “İsgəndər” raketlərinin sadəcə, “E”, yəni ixrac variantı olan zəiflədilmiş modepli verilməliydi. Lakin Moskvadan Ermənistana “İsgəndər” raketlərinin “M”, yəni “Modern”, ən son versiyası aparılıb. Şübhəsizdir ki, həmin raketlər qanunsuz şəkildə, gizlincə daşınıb: “İsgəndər-M” raketi kimi silahların Ermənistana verilməsi qəti qadağandır və sövdələşmə faktı aşkarlanarsa, Rusiyanı ciddi beynəlxalq sanksiyalar gözləyir.

Paşinyanın etirafı

Ermənistan baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Serj Sarqsyanın “İsgəndər” Rusiya raket kompleksinin 44 günlük Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavabında raketin atıldığını deyib.

“Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş (Sarqsyanı nəzərdə tutur, – red.) gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə “İsgəndər”dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb?”, – Nikol Paşinyan söyləmişdi.

Paşinyanın bu açıqlaması Rusiyanı qıcıqlanırmışdı və Kreml Paşinyana verilmiş yanlış məlumat kimi qiymətləndirilmişdi. Bundan sonra rəsmi İrəvan da Rusiyanın bu açıqlamasını dəstəkləyən mövqe göstərmişdi.

44 günlük İkinci Qarabağ Müharibəsində “İsgəndər” OTRK-dan istifadə olunması barədəsə ilk dəfə Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyan danışmışdı.

O, ötən ilin noyabrında jurnalistlərlə görüşü zaman müharibənin son günləri “İsgəndər”lərdən istifadə edildiyini bildirmişdi. Sabiq prezident Sarkisyan isə son müsahibəsində raketlərin Şuşaya yönəldildiyini demişdi.

Moskva təkzib edir

Paşinyanın “İsgəndər”lə bağlı əvvəlcə dediyi, sonra təkzib olunan sözləri istisna edilməklə, bu günədək Ermənistanın siyasi və hərbi rəhbərliyi bu raket kompleksindən istifadə edildiyi haqqında məlumatları heç vaxt təsdiqləməyib. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Şuşa şəhərinə “İsgəndər” atılması barədə sualları cavablandırmayıb. O, “bu, məxfi məlumatdır” deməklə kifayətlənib.

Rusiya Müdafiə Nazirliyi isə N. Paşinyanın iddialarını birmənalı şəkildə təkzib edərək Qarabağ müharibəsində “İsgəndər” ballistik raketlərindən istifadə edilmədiyini açıqlamışdı.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Şuşaya “İsgəndər” atılmasından bir gün sonra bununla bağlı Rusiya Müdafiə Nazirliyinin Prezident Putinə məruzə edib-etməməsindən xəbərdar olmadığını bildirib.

“Bu raketlərdən istifadə olunmaması təsdiqlənib. Azərbaycan tərəfinin aşkar etdiyi raket qalıqlarının yolla orada peyda olmasından Kreml xəbərsizdir”, – D.Peskov deyib.

Buynuzsuz “İsgəndər”

Barəsində “İsgəndərin buynuzu var” rəvayəti olan Makedoniyalı İsgəndərdən fərqli olaraq, Rusiyanın istehsal etdiyi “İsgəndər-M” operativ-taktiki raket kompleksindən atılan raketlər səmada uçuş trayektoriyasını dəyişir.

Kvaziballistik uçuş trayektoriyasına malik “İsgəndər “OTRK-dan hazırda dünyada yalnız Rusiya və Ermənistanın silahlanmasında istifadə olunur.

“İsgəndər” raketlərinin E (export), F (fuqas), K (kaset) və M (modern) kimi versiyaları var.

Şuşaya da məhz iki “İsgəndər-M” atılıb.

Bu raketlər 500 kiloqram ağırlığında partlayıcı maddə daşımaq gücünə malikdir.

Uzunluğu 7 metr, diametri 92 santimetr olan raket çox yüksək uçuş sürətinə və nüvə döyüş başlığı daşımaq imkanlarına malikdir.

Paradda nümayiş

Beş il əvvəl, İrəvanda Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətlə sentyabrın 21-də keçiriləcək hərbi paradın məşqləri olmuşdu. Bu məşqlərdə Ermənistanın Rusiyadan aldığı bəzi yeni silahlar, o cümlədən barəsində çoxdandır söz-söhbətlər gedən “İsgəndər-M” operativ-taktiki raketləri nümayiş etdirilmişdi. İrəvan küçələrindən üzəri maskalanmış azı 3 belə raket kompleksinin keçdiyi görünüb. Lakin Ermənistan Müdafiə Nazirliyi məsələyə dair şərh verməyib.

Lakin Rusiyanın silah ixracı ilə məşğul olan “Rosoboroneksport” dövlət korporasiyasının iki meneceri anonimlik şərti ilə təsdiqləmişdilər ki, Ermənistana bir diviziyon “İsgəndər-M” raket komleksləri verilib. Mənbələr deyib ki, “Rosoboroneksport”un bu sövdələşməyə aidiyyatı yoxdur. Çünki raketlər KTMT çərçivəsində silah təchizatı razılaşması əsasında verilib. Bir diviziyonda dörd “İsgəndər-M” raket kompleksi var. Hər kompleks iki raket daşıyır.

Rusiya Ermənistana 200 milyon dollar güzəştli silah krediti verib. Həmin kredit əsasında alınacaq silahların siyahısında “İsgəndər-M” raketləri yer almışdı. “Rosoboroneskport”un meneceri deyib ki, raketlərin verilməsinə dair müqavilə həmin kreditdən vəsaitlər cəlb edilmədən həyata keçirilib. Ermənistan 200 milyon dollarlıq kredit hesabına Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri və “Solntsepyok” TOS-1A ağır odsaçan sistemləri də almışdı.

Mediadakı “araşdırma”

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat Departamenti Ermənistanda nəzərdə tutulmamış “İsgəndər-M” raketlərinin olması və onların Dağlıq Qarabağda tətbiqilə bağlı araşdırmalara başlayıb. Bu barədə haqqın.az bildirib.

Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin Suvorov Qırmızı Bayraq ordenli anbarlarından “İskəndər-M”lərin qeyri-leqal alınması, onların Ermənistana qeyri-leqal yolla gətirilməsi və bu əməliyyatın Livan və Rusiya bankları vasitəsilə ödənilməsi Rusiya hərbi və xüsusi xidmət orqanları tərəfindən olduqca sərt cavablar tələb edən vəziyyətdir.

Ötən ilin oktyabrında Rusiya Müdafiə Nazirliyində hərbi idarənin məmurlarının Ermənistana qanunsuz silah tədarükündə iştirakı faktı ilə bağlı xidməti araşdırmaya başlanılıb. Erməni tərəfinə qaçaqmalçılıq yolu ilə durmadan silah tədarükü barədə İlham Əliyevin bəyanatından sonra baş vermiş bu hadisə sarsıdıcı nəticələrə səbəb olub.

Ərazinin raket-artilleriya silahları anbarlarında şübhəli qaimələr, hərbi-nəqliyyat aviasiyası bortlarının Ermənistan tərəfə tamamilə anlaşılmaz reysləri və nəhayət, Rusiyada yaşayan iş adamı Karen Karapetyanın qalıq dəyərinə İl-76 alması sən demə, Rusiya xüsusi xidmət strukturlarının əməkdaşlarını belə, şoka salıb: “Cənub Hərbi Dairədə Rusiyanın erməni diasporunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü dövlətlərindən ilə hərbi-texniki əməkdaşlıq sistemindən yan keçməklə Ermənistana qeyri-leqal silah tədarükü şəbəkəsi formalaşdırılıb. Erməni diasporunun və ermənipərəst lobbiçilərin fəaliyyəti ictimai-siyasi fəaliyyətin başa çatdığı və Rusiya Federasiyası Cinayət Məcəlləsinin dövlət xəyanəti haqqında xüsusi bölməsinin başladığı qırmızı xətti keçib”.

Moskva niyə susur?

Bütün bunların fonunda maraqlı sual yaranır: hərgah Rusiya Ermənistana “İsgəndər-M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər?

D.Peskov açıqlama ilə çıxış edib və vurğulayıb ki, Qarabağda münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunmayıb. Lakin martın 15-də Şuşa ərazisində bu raketin qalıqlarının tapılması ilə bağlı sual hələ də açıq qalır.

Rusiya Prezidentinin mətbuat katibi D.Peskovun açıqlaması məsələyə əsla, qətiyyən aydınlıq gətirmir.

Şuşaya 2 “İsgəndər-M” raketinin atılması ilə bağlı olay, xüsusilə də Ermənistanın bu raketləri necə əldə etməsi ilə abğlı məsələ göründüyü kimi, sadəcə kütləvi informasiya vasitələrinə ötürülən məlumatlara inansaq, “araşdırılır və təhqiqat aparılır”.

Rusiyanın Müdafiə və Xarici İşlər nazirlikləri, müvafiq təhlükəsizlik və xüsusi xidmət strukturları, habelə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi məsələ ilə bağlı konkret, qənaətbəxş münasibət bildirməyiblər, bəyanat yaymayıblar.

Bu isə təbii ki, Azərbaycan ictimaiyyətində məsələ ilə bağlı mövcud narahatlığı aradan qaldıra bilməz.

Rəsmi Moskvadan açıqlama gözləyirik…

Milli.Az

Əvvəlki məqaləAprel döyüşlərinin Binəqədili qəhrəmanı
Növbəti məqalədəMay ayında 5 gün iş olmayacaq