Binəqədi rayon Ağsaqqallar Şurasının sədri yazır – MƏQALƏ

0
57
Akif_Refiyev-Bineqedi-agsaqqallar-surasi
Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir
Müstəqil Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin formalaşması həm də Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi ilə müşayiət olunduğundan dövlətin rastlaşdığı bütün problemlər onun xarici siyasətinə də öz təsirini göstərmişdir. SSRİ-nin və keçmiş sosialist birgəyaşayış tərzinin təsirindən qurtarmaq, müstəqil xarici siyasət kursu formalaşdırmaq, onun əsas prioritetlərini, məqsəd və vəzifələrini, istiqamətlərini müəyyən etmək, dünya siyasəti müstəvisinə çıxmaq və beynəlxalq münasibətlər sisteminə qatılmaq gənc və təcrübəsiz dövlət üçün o qədər də asan bir iş deyildi. Odur ki, müstəqilliyin ilk illərində ölkənin xarici siyasət kursunda və hökumətin bu yönlü fəaliyyətində ciddi nöqsanlar, ziddiyyətli, qeyri-müəyyən və qeyri-ardıcıl qərarlar da olmuşdur ki, bütün bunlar Azərbaycanın həm daxili həyatına, müstəqil dövlət quruculuğu prosesinə, həm də onun dünya siyasəti və beynəlxalq münasibətlər sisteminə qatılması işinə öz mənfi təsirini göstərmişdir. Hər bir dövlət öz xarici siyasəti qarşısındakı vəzifələri həyata keçirmək üçün uzunmüddətli strateji və operativ cari fəaliyyət proqramı hazırlayır. Uzunmüddətli strateji fəaliyyət proqramı dövlətin gücü, qüdrəti, resursları, dünya siyasətindəki rolu və yerindən asılı olaraq müxtəlif məqsəd və vəzifələr üzərində qurulur. Bunların ən vacibləri və həyati əhəmiyyət kəsb edənləri sırasına ölkənin müstəqilliyinin qorunmasını, dünyaya müvəffəqiyyətli inteqrasiya və beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmasını, ərazi bütövlüyü və suveren hüquqlarının təmin edilməsini, vətəndaşlarının firavan həyatını təmin etmək məqsədilə xarici aləmin imkanlarından istifadə edilməsini və s. aid edirlər.
Hakimiyyət dairələrində ölkənin xarici siyasət perspektivləri, dünya dövlətləri arasında qazanacağı uğurlar, beynəlxalq münasibətlər sistemində tutacağı yer haqqında eyforik deyil, real, praqmatik düşüncə olmalı, dövlətin mövcud xarici siyasət resursları, dünya dövlətləri üçün kəsb etdiyi iqtisadi, siyasi və mədəni əhəmiyyəti düzgün dərk edilməli, beynəlxalq münasibətlərin axarı, tendensiyaları, ölkələrin real maraqları nəzərə alınmalıdır. Məsələn, 1992-ci ildə Azərbaycanın siyasi rəhbərlərində belə bir fikir formalaşmışdı ki, SSRİ-nin tərkibindən çıxmaq, demokratik inkişaf və Qərbə inteqrasiya kursu elan etməklə bütün dünya ölkələrinin etimadına və dəstəyinə nail olacaq, Azərbaycanı dərhal “Ümumavropa evi”nə qəbul etdirəcək və ölkənin iqtisadi inkişafı üçün dünya dövlətlərindən hərtərəfli yardım alacaqlar. Əlbəttə, bu meydan hərəkatından, Qərb dəyərləri və Qərb ölkələri haqqında müxtəlif təbliğat vasitələrinin ideoloji təsirindən doğan eyforiyadan başqa bir şey deyildi. Müstəqilliyinin ilk illərində Azərbaycanın xarici siyasət prioritetləri bir neçə əsas vacib sahə üzərində qurulmalı idi:
1. Ölkənin daxilində düşünülmüş siyasət yürütməklə bütün vətəndaşların, milli, sosial təbəqələrin, siyasi, ictimai və digər resursların Azərbaycanın müstəqil dövlətçiliyi və ərazi bütövlüyünün qorunması ətrafında səfərbər edilməsi;
2. Bütün xarici siyasət resursları, diplomatik və siyasi imkanlardan istifadə etməklə Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, erməni separatçıları və Ermənistan qoşunlarının ölkənin ərazilərini işğal etməsinin qarşısının alınması, bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılması, əleyhdarların bitərəfləşdirilməsi;
3. Dünya siyasətinə təsir imkanı olan böyük dövlətlərlə, beynəlxalq və regional təşkilatlarla, xarici ölkələrdə Azərbaycanın qlobal maraqlarını müdafiə edə biləcək institutlarla, kütləvi informasiya vasitələri ilə, diaspora mərkəzləri və başqa qurumlarla hərtərəfli işin aparılması, Azərbaycanın onlar üçün kəsb edəcəyi əhəmiyyətin anladılması;
4. SSRİ zamanında ölkənin mövcud olan iqtisadi, siyasi, sosial, mədəni əlaqələrinin müstəqil dövlət maraqları çərçivəsində qiymətləndirilməsi və tənzimlənməsi, bu əlaqələrin alternativlərinin aranması və xarici siyasət istiqamətlərinin yumşaq formada, tədricən, milli maraqlara müvafiq şəkildə dəyişdirilməsi;
5. Regionda ölkənin maraqlar çərçivəsinin, bu yöndə region dövlətləri ilə əlaqə sisteminin, üst-üstə düşən və kəsişən məqamların tədqiq olunması, çevik və operativ fəaliyyət proqramının hazırlanması və həyata keçirilməsi. Əlbəttə, bu siyahını istənilən qədər uzatmaq da olar. Əsas məsələ ondadır ki, 1992-1993-cü illərdə Azərbaycan rəhbərliyi nəinki bu prioritet vəzifələri müəyyənləşdirib həyata keçirə bilmədi, əksinə, həm daxildə, həm də xaricdə çox ziyanlı bir siyasət yeridərək ölkəni çətin duruma saldı. Nə vaxtsa, hansısa emosional şəraitdə səslənən “türkün türkdən başqa dostu yoxdur”, “İran ağlını başına yığmalı və Cənubi Azərbaycan məsələsini həll etməlidir”, “Orta Asiya dövlətləri müstəqilliklərini özləri qazanmayıb, yaxud qeyri-demokratik ölkələrdir, odur ki, onlarla münasibət qurmaq olmaz”, “Rusiya ilə bizim haqq-hesabımız hələ irəlidədir”, “Çində insan hüquqları pozulur” və s. bəyanatlarla Azərbaycanı həm daxildə, öz vətəndaşları arasında, həm regionda, həm də xarici aləmdə çox böyük problemlərlə üzbəüz qoydu. Xarici siyasət sahəsində yaşanan problemlərin daxildə baş alıb gedən özbaşınalıq, siyasi böhran, vətəndaş qarşıdurması ilə müşahidə olunması, erməni işğalçılarının bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal etməsi və bunun qarşısını almaq üçün mövcud hakimiyyətin ciddi bir iş görə bilməməsi və s. kimi məsələlər müvafiq olaraq o dövrdəki ölkə rəhbərliyinin taleyini həll etdi.
Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması və prioritet vəzifələrin müəyyənləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakı və özünəməxsus mövqelər qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün kəsb etdiyi maraqlar dairəsi, geosiyasi və iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi, beynəlxalq aləmin Cənubi Qafqazda, Xəzər regionunda və Azərbaycanda təmsil olunan, üst-üstə düşən, kəsişən maraq dairələri müəyyənləşdirildi. Beynəlxalq münasibətlərin yeni düzəni, dövlətlərarası əlaqələrin prinsipləri, beynəlxalq hüququn təsir gücü və dairəsi, dünyanın böyük dövlətlərinin, regionun aparıcı ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanla bağlı yürütdüyü və yürüdə biləcəyi siyasət təhlil edildi. Dünyada baş verən qloballaşma, demokratikləşmə və beynəlxalq inteqrasiya fonunda gənc bir dövlətin birmənalı müstəqil xarici siyasət kursunun müəyyən edilməsi o zaman çox çətin idi. Xüsusən nəzərə alınsa ki, Rusiya və İran qərbyönümlü xarici siyasətə xüsusi qısqanclıq və həssaslıq nümayiş etdirirdilər, qonşu Ermənistan ərazi iddiası ilə ölkəyə işğalçı ordu yeritmişdi və Azərbaycan beynəlxalq təcrid olunmaya məruz qalmışdı, onda Azərbaycanın xarici siyasət fəaliyyətinin hansı çətin şəraitdə həyata keçirildiyini təsəvvür etmək olardı. İlk növbədə Azərbaycanın bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili və xarici siyasətinin xarakteri və prioritetləri müəyyən edilməli, Qərbə, Şərqə, yoxsa Rusiyaya və keçmiş SSRİ məkanında mövcud olan dövlətlərin birliyinə inteqrasiya xətti seçilməli, ölkənin təhlükəsizliyi hansısa mövcud beynəlxalq təhlükəsizlik sistemləri ilə əlaqədə, yoxsa müstəqil, bitərəf şəkildə təmin olunması kimi məsələlər həllini tapmalı idi. Bütün bu məsələlər ətrafında operativ, lakin düşünülmüş, hərtərəfli ölçülüb-biçilmiş qərarlar qəbul edilməli idi. Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xəttlə inkişaf edir.
Azərbaycanın Avropanın enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsi olan Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin təşəbbüskarı məhz Azərbaycandır.
Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda Azərbaycan və Rusiya münasibətləri yeni səviyyəyə yüksəlmişdir. Bakı Moskvanın postsovet məkanında əsas strateji tərəfdaşlarından biridir. Şimal qonşumuz ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.
Bu gün Cənubi Qafqaz regionunda Azərbaycan-Rusiya münasibətlərinin statusundan çox şey asılıdır. Rusiya və Azərbaycan Prezidentlərinin müttəfiqlik əməkdaşlığı haqqında imzaladıqları bəyannamə iki ölkə arasında əməkdaşlığı prinsipcə yeni səviyyəyə çıxaracaq. Bəyannamədə BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır.
Moskva Bəyannaməsinin əsas qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Sənəddə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür və müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər.
Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir və beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur.
Mühüm müddəalardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir.
Qarşılıqlı müttəfiqlik sənədinin imzalanmasının məhz bu günlərə təsadüf etməsi obyektiv səbəblərlə bağlıdır. Prezident cənab İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir ki, planlaşdırılırdı. Sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən bir prosesdir. Cənab İlham Əliyev Yeni il ilə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Bu baxımdan Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil və regionda gedən son proseslərlə əlaqələndirilə bilməz.
Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.
Akif Rəfiyev, Binəqədi rayonun Ağsaqqallar şurasının sədri, Qarabağ müharibə veteranı, Əməkdar hüquqşünas, Ədliyyə generalı
Əvvəlki məqaləBinəqədidə 500 manata silah satmaq istəyən şəxs tutuldu – VİDEO
Növbəti məqalədəBinəqədi rayonunda ağacəkmə aksiyası keçirilib – FOTOLAR