Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsi şəhidi, mayor İlkin Qələmşah oğlu Əhədzadənin ailəsini ziyarət edib.
Üç övladı yadigar qalan şəhidin ailəsi nazirlik tərəfindən Binəqədi rayonu, Xocasən qəsəbəsindəki yeni yaşayış kompleksində 3 otaqlı təmirli mənzillə təmin edilib.
Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən, qəhrəman Vətən övladlarının, o cümlədən İlkin Əhədzadənin şücaətlərindən bəhs olunub.
Bineqedi.info saytı xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, agentliyin sədri V.Behbudov şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi sahəsində aparılan işlərdən bəhs edərək bildirib ki, dövlət başçısının tapşırıqlarına əsasən həmin kateqoriyadan olan vətəndaşlarımızın mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir. 2021-ci ildə də onlara 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi ev verilib. Ümumən ötən dövrdə həmin vətəndaşlara nazirlik tərəfindən 12300-dən çox mənzil və fərdi ev təqdim edilib.
Hazırda 41 şəhər və rayonda inşası yekunlaşmaqda olan 500-ə yaxın fərdi ev də yaxın vaxtlarda şəhid ailələri və müharibə əlillərinə veriləcək.
Görüşdə şəhid İlkin Əhədzadənin ailəsinin yaşayışının bundan sonra da daim diqqətdə saxlanılacağı qeyd edilib, ailəyə digər sahələrdə də dəstək göstərilməsi üçün qeydiyyat aparılıb.
Qeyd edək ki, mayor İlkin Əhədzadə 2020-ci il oktyabrın 1-də Murovdağ döyüşlərində şəhidlik zirvəsinə ucalıb və II Şəhidlər xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Ev Manşet