Bakıda marketdən oğurluq edib borcunu qaytaran və doğulacaq övladı üçün paltar alan şəxs məhkəmə zalından azadlığa buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, 1998-ci ildə Beyləqan rayonunda anadan olan Xoşbəxt Əliyev (şərti) Bakının Binəqədi rayonunda azyaşlı övladı və hamilə olan həyat yoldaşı ilə birgə yaşayıb.
İttihama görə, X.Əliyev 2021-ci il yanvarın 17-si səhər saatlarında Baksol yaşayış massivində yerləşən “NAZ” marketdən 90 manat dəyərində kassa aparatını və içindəki 1500 manat pulu oğurlayıb.
Məhkəmədə ifadə verən Xoşbəxt Əliyev deyib ki, oğurluq etdiyi marketin qonşuluğunda yerləşən və Adilə adlı şəxsin işlətdiyi marketdən ərzaq alaraq 90 manat borcu yaranıb: “Nisyə dəftərinə yazdırdım, tezliklə ödəyəcəyimə söz verdim. Bundan sonra Adilə bir neçə dəfə borcunu istədi, iş tapa bilmədiyim üçün pulum yox idi. Sonuncu dəfə o, pulunu istəyəndə yaxınlıqdakı marketdən oğurluq etmək qərarına gəldim.
Gecə saat 4-5 radələrində evdən çıxıb marketə tərəf gəldim. Yan tərəfdən yaxınlaşıb nəfəsliyi əlimlə bərk itələyib açdım və oradan marketin içinə girdim. Kassanın ağzının bağlı olduğunu görüb geri qayıtdım. Sonra kassanın özünü aparmaq qərarına gəldim. Aparatı götürüb oradan uzaqlaşdım və dəmir yol xəttinə getdim. Orada “kubik”lə kassanı əzərək açdım və içindən 615 manat pul çıxdı. Kassanın özünü zibilliyə tulladım. Sonra evə gəldim, Adiləyə olan 90 manat borcumu qaytardım. Qalan pulla evin kirayə pulunu ödədim, evə bir qədər ərzaq, övladıma və doğulacaq övladıma pal-paltar aldım.
İki gün sonra polislər məni tutdu və hər şeyi etiraf etdim. Amma kassadan 1500 manat olması yalandır, orada xırda pullarla birgə cəmi 615 manat vardı”.
X.Əliyev istintaqa ilkin ifadəsində həmin marketdən oğurluq etməsini ona Adilənin təklif etdiyini deyib. Məhkəmədə isə bunun belə olmadığını bildirib: “Adilə məndən tez-tez borcunu tələb etdiyi üçün ona acıqlı idim. Buna görə elə ifadə verdim. Adilənin bu işdən xəbəri yox idi”.
Oğurluq edilən “NAZ” marketin sahibi məhkəmədə ifadəsində X.Əliyevi bağışladığını deyib və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.
Məhkəmə materiallarından görünür ki, X.Əliyev yanvarın 20-də saxlanılıb, iki gün sonra həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılsa da, təqdimat rədd edilib. Azadlıqda qalan Xoşbəxt istintaqdan yayınıb və 2021-ci il noyabrın 16-da axtarışa verilib. 2022-ci il fevralın 15-də tutularaq həbs edilib.
Məhkəmənin martın 18-də çıxardığı hökmlə X.Əliyevə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, məhkəmə zalında həbsdən azadlığa buraxılıb.
X.Əliyev bu müddət ərzində elektron qolbaq taxacaq, o, Bakını tərk edə bilməz və gecə saat 23-dən səhər saat 7-dək yaşadığı evdən çıxa bilməz.
Həmçinin, məhkəmədə məlum olub ki, Xoşbəxt Əliyev 2017-ci ildə də məhkum olunubmuş. O, hərbi xidmətdə olarkən bilə-bilə yalan ifadə verdiyi üçün 500 manat cərimə olunub. Bu cəriməni ödəmədiyinə görə 2019-cu ildə 6 ay elektron qolbaq taxmalı olub.