Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin və İctimai İaşə və Xidmət üzrə Bakı Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 31 mart– “Azərbaycanlıların Soyqırımı Günü”nə xitabən tədbir keçirilmişdir.
Bineqedi.info xəbər verir ki, tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Sahil Hüseynzadə, Səadət Quliyeva, Binəqədi Gənclər Evinin əməkdaşı Sevinc Beybudova, Peşə Təhsil Mərkəzinin direktor müavini Nadir Məmmədov, müəllimi Mütəllim Bayramov və gənclər iştirak etmişdir.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə Peşə Təhsil Mərkəzinin direktor müavini Nadir Məmmədov çıxış edərək tədbir barədə gəncləri məlumatlandırmış və qeyd etmişdir ki, xalqımızın tarixi qəhrəmanlıqları ilə yanaşı soyqırımlara da məruz qalıb. O bildirib ki, biz gəncləri humanist tərbiyə edirik. Bununla yanaşı faciələrimizi də gənclərimizin bilməsi və gələcək nəsillərə ötürməsi vacibdir.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sahil Hüseynzadə mövzu ilə əlaqədar tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir ki, erməni daşnaqları şəhərlərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədərək, təkcə martın 31-də 8 minə yaxın azərbaycanlını öldürüb. Ümumilikdə isə martın 30-31-də və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilib, bir çox əhəmiyyətli tikililərə və tarixi abidələrə od vurularaq yandırılıb.
Həmçinin qeyd edilmişdir ki, 1918-ci il 30 mart və 3 aprel tarixlərində baş verən qırğınlara ulu öndər Heydər Əliyev tərəfindən hüquqi qiymət verilmiş, bununla bağlı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il martın 26-da fərman imzalanmış və həmin gündən 31 Mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur.
Daha sonra Mərkəzin müəllimi Mütəllim Bayramov çıxış edərək gəncləri maraqlandıran suallara cavab vermiş və qeyd etmişdir ki, erməni silahlı dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə on minlərlə azərbaycanlını xüsusi amansızlıq və işgəncələrlə qətlə yetiriblər.
Sonda gənclər 31 Mart soyqırımı ilə əlaqədar öz fikirlərini bildirmişlər.
Bineqedi.info






