Putin Paşinyanla Zəngəzur dəhlizini müzakirə etdi

0
119
pasinyan

“Sərhədin delimitasiyası prosesi vaxt aparır. Münasibətlərin tarixini nəzərə alsaq, buna nail olmaq heç də asan olmayacaq. Bununla belə, prosesin başlaması artıq özü-özlüyündə yaxşı addımdır”.

Bineqedi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası prosesi haqqında sualı cavablandırarkən deyib.

XİN rəhbəri bildirib ki, delimitasiya komissiyasının növbəti iclasının tarixi hələ məlum deyil: “Bu proses sivil və dinc formada, beynəlxalq hüququn prinsipləri əsasında aparılmalıdır”.

O, Ermənistan ilə sülh müqaviləsinin müzakirəsinin davam etdirildiyini söyləyib: “Torpaqlarımız 30 ilədək işğal altında idi, Ermənistan ilə danışıqlar nəticə vermirdi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra növbəti mərhələ başladı”.

“Bizim sülh çağırışımıza, təxminən, 1 il ərzində cavab verilmədi. Azərbaycan münasibətlərin normallaşdırılmasının 5 baza prinsipini təklif etmişdi. Lakin erməni xalqı hələ də revanşist ideaları dəstəkləyir, lakin fərqli ideyalar da var. Əvvəlki illərlə müqayisədə bu baxımdan tərəqqi var. Hamı anlamalıdır ki, Azərbaycan və Ermənistanm arasında münasibətlərin normallaşdırılması regionda sülhün bərqərar olması baxımından vacibdir”, – nazir vurğulayıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Modern.az saytı xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər ikitərəfli məsələləri, eləcə də regiondakı prosesləri nəzərdən keçiriblər.

Bundan əlavə, dövlət başçıları 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Paşinyan və Putin Ermənistan-Azərbaycan sərhədində delimitasiya və təhlükəsizlik üzrə komissiyanın fəaliyyəti, həmçinin regionda kommunikasiyaların açılması istiqamətində görülən işləri müzakirə ediblər.

Bildirək ki, Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsindən sonra Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi gündəmdə saxlanılır. Hazırda bu istiqamətdə işlər gedir, tezliklə tarixi torpaqlarımız olan Zəngəzurda regionun iqtisadi mənzərəsini dəyişəcək böyük nəqliyyat infrastrukturunun qurulmasının şahidi olacağıq.

Postpandemiya dövründə əsas vəzifələrdən biri tarixi torpaqlarımız olan Zəngəzur və İrəvan haqqında həqiqətlərin dünya birliyi və beynəlxalq təşkilatlar qarşısında qaldırılmasıdır. Azərbaycan xalqının ata-baba yurdu olan İrəvan və Zəngəzur bölgəsinin Ermənistana qanunsuz şəkildə verilməsi tarixi səhv olaraq qalır. Bu tarixin bütün dünyaya tanıdılması Azərbaycan üçün prioritet məqamlardan birinə çevrilib.

Bununla bağlı Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, deputat Əziz Ələkbərli indiki Ermənistan ərazisinin tarix boyu Azərbaycanın ayrılmaz hissəsi olduğunu xatırladıb. Əziz Ələkbərli tarixi bir daha yada salmağın vacibliyinə diqqət çəkərək deyib:

“Min illər boyu azərbaycanlılar həmin coğrafiyada dünya mədəni irsinin nadir nümunələrini yaradıblar. Təəssüf ki, 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay və 1829-cu ildə Rusiya ilə Osmanlı dövləti arasında imzalanmış Ədirnə müqavilələrinə əsasən, İrandan və Osmanlıdan yüz minlərlə erməni Cənubi Qafqaza gətirilərək çar Rusiyası tərəfindən o vaxt işğal olunmuş Azərbaycan torpaqlarında, o cümlədən indi Ermənistan adlanan İrəvan xanlığı ərazisində məskunlaşdırılıb.

Elə həmin vaxtdan gəlmə ermənilər tərəfindən yerli azərbaycanlıların sıxışdırılıb çıxarılması, tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların etnik təmizlənməsi, azərbaycanlılara məxsus mədəni irsin erməniləşdirilməsi, erməniləşdirilməsi mümkün olmayanların yer üzündən silinməsi prosesi başlanıb. Bu proses dünyanın gözü qarşısında 200 il davam edib və bu 200 il ərzində ermənilər tərəfindən Azərbaycan mədəni irsinə qarşı tarixdə analoqu olmayan vəhşiliklər törədilib.

Ermənilərin son 200 ildə Qərbi Azərbaycan ərazisində mədəni irsimizə qarşı hansı vəhşilikləri törətdiklərini aydın təsəvvür etmək üçün 44 günlük Vətən Müharibəsi nəticəsində 30 illik işğaldan azad olunmuş kənd və şəhərlərimizin vəziyyətinə baxmaq kifayətdir. 30 il ərzində ermənilər bu ərazilərdəki bütün tarixi, mədəni, dini, mülki tikililəri yer üzündən siliblər. Ermənilər bunu 30 il ərzində ediblərsə, təsəvvür edin ki, 200 il ərzində indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə qarşı hansı vandallıqları törədiblər”.

Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasının vacib olduğunu deyən Əziz Ələkbərli düşünür ki, 30 illik işğal dövründə kar və kor olan dövlətlər, beynəlxalq təşkilatların indi Azərbaycanın haqq səsinə səs verməyi inandırıcı deyil.

Deputat qeyd edib ki, biz bundan sonra da yalnız özümüzə və dostlarımıza güvənərək, yüz illər boyu tapdalanmış hüququmuzu bərpa etməliyik:

“Birinci mərhələdə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanla bağlı minillik, iki, üç, dörd min illik bütün tarixi həqiqətləri ortaya qoymalıyıq, lap bugünkü tarixə qədər. Sonra bu tarixi həqiqətləri millətin beyninə və ruhuna hopdurmalıyıq. Bu, bir millət olaraq Qərbi Azərbaycandakı tarixi, mədəni, mənəvi irsimizə sahib çıxmağımıza kömək edəcək və bununla da xalqımızın həmin torpaqlara mənəvi qayıdışını təmin etmiş olacağıq. Üstəlik, bununla soydaşlarımızın dədə-baba yurdlarına fiziki qayıdışının təməlini qoymuş olacağıq. Çünki bütün varlığı ilə bir hədəfə köklənən millətin qarşısını bütün dünya yığılsa da, saxlaya bilməz. Əksinə, dünya məcbur olacaq ki, tarixi ədaləti etiraf etsin.

Ona görə də indi əsas məsələlərdən biri Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Burada əsas məsuliyyət alimlərimizin və xarici ölkələrdəki Azərbaycan diasporunun üzərinə düşəcək. Çünki ermənilər uzun illər dünyanı öz yalanlarına inandıra bilib, tarixi cinayət və saxtakarlıqlarını müxtəlif pərdələr arxasında gizlətməyə, öz vəhşiliklərini müxtəlif xalqların üzərinə yıxmağa müvəffəq olublar. Biz sona qədər erməninin maskasını yırtmalı, onların əsl iç üzünü dünyaya göstərməliyik. 44 günlük Vətən Müharibəsi zamanı biz bunu müəyyən qədər etdik, indi isə tam şəkildə başa çatdırmalıyıq”.

Deputat qeyd edib ki, bu günə qədər şüarımız “Qarabağ Azərbaycandır” idi, bundan sonra isə şüarımız “Zəngəzur, Göyçə, İrəvan və bütün Qərbi Azərbaycan mahalları Azərbaycandır!” olmalıdır.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə yeni təyinat olub
Növbəti məqalədəMİQ imtahanında yeniliklər olacaq – Nazirlik açıqladı