“2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il kağız üzərində qalan 4 qətnaməsini biz özümüz həyata keçirdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi”.
Bineqedi.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında söyləyib.
“Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkəninki ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.
***
“Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında deyib.
Ötən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderlərinin birgə bəyannamə imzaladıqlarını xatırladan dövlətimizin başçısı sülh əldə edildikdən sonra Azərbaycanın 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdığını vurğulayıb.
***
“Sülhün digər nailiyyəti bağlantıdır. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək və bu yol Orta Dəhlizin bir hissəsi olacaq”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında səsləndirib.
Dövlətimizin başçısı, həmçinin əlavə edib ki, həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər.

















