“Azərbaycan müharibə dövründə Xankəndiyə girməyə çox yaxın idi, ancaq biz bunu etmədik. Əlbəttə, hərbi cəhətdən çox çətin qərar idi, ancaq bu, bizim üçün həm də mənəvi məsələ idi. Biz Xankəndidə mülki əhalinin ölümünü görmək istəmədik. Bu, insani məsələ idi”.
Bineqedi.com saytı APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.
Hikmət Hacıyev bildirib ki, Qarabağ artıq Azərbaycanın xarici siyasət məsələsi deyil: “Bu məsələ artıq həll olunub və ATƏT-in Minsk qrupu tarixin keçmişinə gömülüb. Bu məsələ bizim üçün artıq bitib, biz indi sivil əlaqələrin qurulmasını istəyirik”.
“Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər”.
Bu sözləri Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezidentin köməkçisi qeyd edib:
“Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”.
“Laçında – Zabux və Sus kəndlərində təhlükəsizlik tədbirləri, minaların təmizlənməsi həyata keçiriləndən sonra müvafiq faktaraşdırıcı missiyalar, sənədləşdirmə missiyaları həyata keçiriləcək”.
Hikmət Hacıyevin sözlərinə görə, lazımi hüquqi ekspertiza və qiymətləndirmədən sonra növbəti addımlar da düşünüləcək və nəzərdən keçiriləcək.
H. Hacıyev bildirib ki, işğal dövründə Ermənistan tərəfindən Zabux və Susda geniş miqyaslı qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirilib: “Düzdür, onların arzuladıqları formada geniş miqyasda məskunlaşma həyata keçirilmədi. Çünki bu ərazilərə baxanda görürük ki, hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudları çərçivəsində belə hansı şəraitdə yaşayırmışlar. Bu da xaricdən hər hansı erməninin gətirilib yaşaması üçün cəlbedici ola bilməzdi. Amma müəyyən süni proqramlar həyata keçiriblər. Xüsusilə də bunu Laçında – Zabux və Sus kəndlərində müşayiət etdik. Ümumiyyətlə, işğal dövründə işğalçı ölkənin həmin ərazinin etnik-dini tərkibini dəyişdirməsi, mədəniyyət abidələrini məhv etməsi, arxitektura üslubunu dəyişdirməsi müharibə, hərbi cinayətlər kimi tövsif olunan hallardır. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar, xüsusilə Zabux və Sus kəndinə regionla hər hansı əlaqəsi olmayan, Yaxın Şərqdən olan insanların köçürülməsi belə hallardandır. Bununla bağlı da dövlət başçısı tərəfindən müvafiq tapşırıqlar verilib”.
“Ermənistan tərəfindən minalama siyasəti bu gün də davam etdirilir. Bu barədə də beynəlxalq ictimaiyyətə məlumat verilib”.
Onun sözlərinə görə, Şuşada keçirilən konfrans çərçivəsində bizim humanitar yardım gündəliyimiz də ictimaiyyətin diqqətinə çatdırılır: “Xüsusən Ermənistanın işğal dövründə həyata keçirdiyi vandallıq siyasəti barədə tədbir iştirakçıları məlumatlandırıldı. Onlar yol boyunca dağıdılmış ərazilərlə tanış oldular. Dağıntılarla yanaşı, Ermənistanın bu illər uzunu həyata keçirdiyi minalama siyasəti və bunun nəticəsində Azərbaycanın üzləşdiyi humanitar problemlər, onun təmizlənməsi ilə bağlı problemlər barəsində ətraflı məlumat verilir”.
“Bu yaxınlarda “Qisas” əməliyyatı çərçivəsində Kəlbəcər-Laçın istiqamətində bəzi hərbi postlar Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü. Yalnız bir məntəqədə 900-dən artıq piyada əleyhinə mina müəyyən edildi. Bunlar 2021-ci ildə Ermənistan ərazisində istehsal edilib. Bu, onu göstərir ki, Ermənistan riyakarcasına minalama siyasətini hələ də davam etdirir. Həmçinin Ermənistan silahlı qüvvələrinin qalıqlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində mövcudluğu və bunun regional sülh üçün yarada biləcəyi potensial risklər, xüsusən də cənab Prezidentin gündəliyində itkin düşən şəxslər mövzusu daim aktualdır. Cənab Prezident tərəfindən xarici tərəf müqabilləri və dövlət başçıları ilə təmasları zamanı bu mövzu davamlı şəkildə qaldırılır. Çünki post-münaqişə reallığında barışığın və ədalətin təmin edilməsinin başlıca meyarlarından biri də məhz itkin düşmüş şəxslər mövzusuna Ermənistan tərəfindən cavab verilməsidir. Buradakı kütləvi məzarlıqların yeri barədə Ermənistan hökumətində məlumat var, amma Ermənistan bunu gizlədir. O yerlər haqqında məlumat verilərək qalıqların ekshumasiyası həyata keçirilərək, DNT analizləri vasitəsilə ailələrə məlumat verilməlidir. Bu məsələ də gündəliyimizdə aktiv mövzu olaraq qalmaqdadır”, – H.Hacıyev vurğulayıb.
Bineqedi.com