Brüssel QƏRARLIDIR – İrəvanın geriyə dönüşü yoxdur: Bakı istəyinə çatır

0
46
pasinyan-nikol-qarabag

“Brüssel görüşünün nəticəsini dəyərləndirmək üçün ilk növbədə tərəflərin Avropanın siyasi mərkəzinə necə üz tutduğunu vurğulamaq lazımdır ki, əldə olunan nəticənin mahiyyətinin nədən ibarət olduğunu bilib, məhz səbəb-nəticəyə əsaslandığının şahidi olasan”.

Bineqedi.com xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ermənistanın yeganə yolu beynəlxalq hüquqa söykənərək konstruktiv marşrut üzrə irəliləməkdir:

“Ötən müddət ərzində Ermənistan birbaşa üçtərəfli bəyanatda nəzərdə tutulan bəndlərin manipulyasiyası ilə məşğul olur, sülh müqaviləsini sabotaj edir, bununla birlikdə və ayrılıqda həm də dolayı yollarla müəyyən üsul və vasitələrlə Azərbaycanın qarşısına maneələr çıxartmağa çalışırdı.  Azərbaycan tərəfindən isə üçtərəfli bəyanat icra olunur, lazımi məqamda “QİSAS” kimi uğurlu anti-terror əməliyyatı həyata keçirilir, yəni Ermənistanı hərbi-siyasi yolla sülhə məcbur edilirdisə, digər tərəfdən də mövqeyimizin nədən ibarət olduğunu diplomatik masada tərəflərə aydın izah edir, dünyaya da sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirirdik. Bir sözlə, işlərə fasilə vermir, bir-birinin ardınca düzülən hədəflərdən yayınmır, Ermənistanı və vasitəçiləri konkret nəticəyə fokuslandırır, hər hansı bir anti-təfəkkürlü qüvvələrə isə mane olmaq üçün əsas vermirik. 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan sonuncu Brüssel görüşü də bir daha Azərbaycanın siyasi-diplomatik uğuru ilə nəticələndi. Belə ki, görüş əsnasında Ermənistanın baş naziri Nikol Paşinyan hər nə qədər cəhd etsə də ki, konkret nəticələrin əldə olunmasına mane olsun, buna nail ola bilmədi. Daha dəqiq desək, “status”, “Dağlıq Qarabağ”, “ATƏT-in Minsk Qrupu” kimi ifadələrin yenidən dövriyyəyə cəlb edilməsi, etdirilməsi xəyalları yenə puça çıxdı. Yəni proseslərin geriyə dönüşünün olmadığı kimi qarşısının da alınmasının mümkünsüzlüyünü bu görüş bir daha sübut etdi.

Azərbaycan masada şərtləri diqtə etdi, Ermənistan isə əliboş getdi, əliboş da qayıtdı. Sonda alınan qərarlarla Brüssel göstərdi ki, konkretlik ortaya qoymaqla vasitəçilikdə qərarlı və qətiyyətlidir. Sülh razılaşmasının ayrı bir abzas kimi görüşün nəticələrinə salınması və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırığın verilməsi göstərdi ki, Brüssel konkretlik mərhələsini sürətləndirib, bunu inteqrasiya mərhələsinə keçirir. Məhz bu konkretliyin olması irəliyə doğru əsaslı dönüşdür. Bu nəticə isə Azərbaycanın koordinasiyalı, rabitəli, gərgin, sistemli səylərinin nəticəsidir. Brüsselin konkretliyinin yaxın perspektivdə nəticəyönümlü olması ilə müşayiət olunacağı fonunda təbii ki, bunu da biz müsbət qiymətləndirir və qiymətləndirəcəyik. Ötən müddət ərzində danışıqlar prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin şəxsi təşəbbüsləri və rolunu xüsusi qiymətləndiririk.

Bu gün Azərbaycana, onun liderinə olan rəğbət, ehtiram, ən əsası etimad göz önündədir. Buna isə Azərbaycan illər ərzində yürütdüyü etibarlı tərəfdaş imici ilə yiyələnib. Bu mövcud amil bundan sonrakı bütün mərhələlərdə proseslərin müsbət və sürətli inkişaf dinamikasında əsas zəmin rolunda çıxış edəcək.

Şarl Mişelin çıxışında “Nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələri nəzərdən keçirdik” kimi ifadənin yer alması ən diqqətçəkən məqamlardan biridir. Zənnimcə, bu ona dəlalət edir ki, ilk dəfə həllini gözləyən bəzi məsələlər üzrə vasitəçilik işində hansının daha maraqlı ya da dominant tərəf olduğu ifadə olunur. Bu isə Cənubi Qafqazda mümkün sülhün əldə olunması ilə bağlı Brüsselin və Rusiyanın prioritet fokuslandığı məsələlər üzrə ayrılıqda öz baxışlarının olduğunu deməyə əsas verir. Avropanın isə siyasi dəst-xəttində daha fokuslu olduğu məsələlər humanitar məsələlər, cəmiyyətlərarası inteqrasiyadır ki, bu baxımdan da hər iki tərəfin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamağın vacibliyi ifadə olundu.

Növbəti diqqətçəkən məqam Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəlinməsi idi ki, düşünürəm ki, Brüssel bu məsələdə də alternativlik qazanmaqda qətiyyətli olduğunu göstərir. Yəni Brüsselin vasitəçiliyi ilə həm də bu məsələlərlə bağlı görüşlərin mütəmadi xarakter daşıması və daşıyacağının bildirilməsi onu göstərir ki, Brüssel nəbzi əlində saxlamaqda qərarlıdır.

Regionda və regionun hüdudlarından kənarda coğrafi-geosiyasi faktorlara və dəyərlərə baxışlarına görə qonşularla və ya regional və qlobal güclərlə uyğun olmayan fikirlərə malik olunsa da bütün bu geostrateji ambisiyaların fərqliliyi reallığında Azərbaycan rəqabəti balanslaşdırır, toqquşan maraqları stabilləşdirir və nəticə etibarilə milli maraqlarını təmin edir. Əsas odur ki, hadisələrin gedişini qabaqlamaq, ya da qarşısını almaq daha mümkün deyil.

Azərbaycan bilavasitə və dolayı yollarla xarici siyasətdə atacağı addımlarda süni gərginliyin tətbiq olunması ilə təzyiq və təsirləri aradan qaldırmağa, onları neytrallaşdırmağa məharətlə və qətiyyətli bir şəkildə nail olur. Prezident İlham Əliyevin əsas fokusunun aktorların öz sferalarını genişləndirmək cəhdlərindən milli maraqlarımızın təmin edilməsini qətiyyətlə realizə etməsinin olduğu aydın görünür. Bu mərhələdə və vəziyyətdə isə Ermənistanın yeganə yolu beynəlxalq hüquqa söykənərək konstruktiv marşrut üzrə irəliləməkdir.

Beynəlxalq hüququn özü isə tarixi faktları tələb edir, onu irəli sürür. Bu mənada Azərbaycan məhz tarixi torpaqlarını məhz beynəlxalq hüquq çərçivəsində işğaldan azad etdiyi üçün indi də bütün şərtləri məhz bu prizmadan həm də qalib tərəf kimi diqtə edir. Bu baxımdan da dövlətimizin əldə etdiyi qələbə fundamentaldır, əsaslıdır və belə olduğundan onu yeni qələbələrə, əməkdaşlıq formatlarına, müttəfiqlik münasibətlərini dərinləşdirməyə imkan verir ki, bu amilin qarşısında heç bir regional və beynəlxalq aktor duruş gətirə bilmir. Prezident İlham Əliyevin qətiyyəti, incə diplomtiyasi Ermənistanı və vasitəçiləri konkret nəticəyə fokuslandırır.

İnkişaf strategiyası ilə regional iqtisadi məkanın dərinləşməsi arasında birbaşa əlaqə mövcuddur. Cənubi Qafqazda bunun təmin edilməsi isə bilavasitə Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən asılıdır. Sülh müqaviləsi də Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur. Regional inteqrasiya, regional və qlobal əməkdaşlıq üçün strateji vektor olmasından ibarət olan həm bu sənədin mərkəzi tezisinin, həm də bundan sonra atılacaq addımların beynəlxalq hüquqa, tarixi faktlara, reallıqlara, konstruktivliyə və dövlətlərin illər ərzində formalaşdırdığı imicə əsas vurğu etməsi məqsədəuyğundur”.

Əvvəlki məqaləBinəqədi bələdiyyəsinin sədri məhkəmənin uzanmasına etiraz edib?
Növbəti məqalədəNarkomaniya ilə mübarizədə rayon icra hakimiyyətlərinin rolu müzakirə olunub – FOTOLAR