Binəqədi Rayon Gənclər və İdman İdarəsi ilə “Azərbaycan İdman Könüllüləri” saziş imzaladı

0
49

Binəqədi Rayon Gənclər və İdman İdarəsi ilə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi arasında birgə əməkdaşlığa dair niyyət sazişi imzalanıb.

Bineqedi.info xəbər verir ki, saziş ölkədəki könüllülük hərəkatında birgə addımların atılmasını, gənclərin inkişafı istiqamətində resursların birlikdə istifadə edilməsini, gələcək layihələr və təşkilati proqramlarda perspektivlərin səmərəli istifadəsini stimullaşdırmağı, o cümlədən 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planından irəli gələn addımların icrasını və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığı özündə ehtiva edir.

Sənədi imzalayan Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə sazişin yaradacağı imkanlardan danışıblar.

R.Həsənov Azərbaycanda könüllülük hərəkatının geniş vüsət almasında Gənclər və İdman Nazirliyinin böyük rolunun olduğunu, onun gənclərin inkişafında ciddi addımlar atdığını və eləcə də könüllülük ənənələrinin gəncliyin yaddaşında müsbət formada həkk olunmasında müstəsna rol oynadığını bildirib. Binəqədi Rayon Gənclər və İdman İdarəsinin də ortaq məqsədlər üçün çalışdığını, yalnız idman sahəsində yox, cəmiyyətin bütün sahələrində hər zaman faydalı olmağa çalışdıqlarını qeyd edib. O, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin bütün Azərbaycan gənclərinin fəaliyyətini təşkil etdiyini və bu gənclərin həm şəxsi inkişafına, həm də əhali arasında maarifləndirmə işinin daha əhatəli təşkilinə dəstək göstərdiyini qeyd edərək, imzalanan sazişin hər iki təşkilatın gələcək fəaliyyətində xüsusi iz qoyacağına əminliyini bildirib.

“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə rəhbərlik etdiyi təşkilat və 2019-cu il ərzində görüləcək tədbirlər barədə məlumat verib. “İmzalanan niyyət sazişinin əsasında qurulacaq əməkdaşlıq ölkəmizdə könüllülük hərəkatının inkişafına təkan verəcək və gənclərə yeni imkanlar yaradacaq. İctimai Birlik bütün respublikada yaşayan gənc və yeniyetmələri əhatə edəcək. Azərbaycan idman könüllüləri respublika əhəmiyyətli layihələrimizin əsas tərəfdaşlarına çevriləcək və biz də könüllülər kimi gənclər və idman sahəsinə imkanlarımızla fayda verməyə çalışacağıq”, – deyə M.Seyidzadə vurğulayıb.

Əvvəlki məqaləSəyyar “ASAN xidmət” davam edir
Növbəti məqalədəGecə Bakıda iki bacının bıçaqlanması ilə bağlı TƏFƏRRÜATLAR – Cinayət işi açıldı