“Azərbaycanda bir çox insanın ölümünə səbəb olan xəstəliklərin müalicəsi İcbari Tibbi Sığorta zərfinə aid deyil. Onkoloji xəstəliklərin müalicəsi də təəssüflər olsun ki, İcbari Tibbi Sığorta ilə əhatə olunmayıb”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında bildirib.
Komitə sədri bildirib ki, autizm xəstəliklərinin müalicəsi də İcbari Tibbi Sığorta ilə əhatə edilməlidir: “Bəzi xəstəliklər İcbari Tibbi Sığortaya aid edilib, bu çox yaxşı haldır. Amma hələ də elə xəstəliklər var ki, bunların daxil edilməsi vacibdir. Bir çox patalogiyalar üzrə xəstəliklər İcbari Tibbi Sığortanın xidmətlər zərfinə aid edilməlidir. Bunun üçün büdcədən vəsait ayrılması yaxşı olar”.
“Biz ailənin tək uşağını müharibəyə aparırıq. Amma uşaqpulu verilmir”.
Bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında deyib.
“Büdcəmizdən niyə ailələrə maliyyə ayrılmır, dövlət niyə buna pul ayırmır? Sovet dönəmində ailələrdə axtarış olunurdu ki, təkuşaqlı ailədən müharibəyə aparmasınlar. Amma indi bizdə fərqlidir. Tək uşağı cəbhəyə aparırıq, amma böyüdülməsinə pul vermirik, niyə buna biganə yanaşırıq. Qonşu ölkələrdə də belə nümunə var ki, uşaqpulu verilir. Götürək Rusiyanı, onlar hər doğulan uşağa pul verirlər, bizdə niyə olmasın? Azərbaycanın büdcəsi buna çatır axı”, – deyə deputat parlamentdə məsələ qaldırıb.