“Bizə kim müraciət edirsə, onu başımızdan etmək üçün Məşğulluq Agentliyinə göndəririk. Məşğulluq Agentliyi isə özü başından edir”.
Bineqedi.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa bildirib.
O qeyd edib ki, agentlikdə onlara yalandan hansısa qeyri-müəyyən iş təklifləri edirlər: “Adam işlə təmin olunmur, işsizlərin sayı artır. Bu mexanizmi biz canlandırmalıyıq? Dövlət əli ilə iş yeri açılması ideyası artıq absurddur. Özəl sektor, sahibkar iş yeri aça bilər. Sahibkarların önü açılmalıdır. Deyirlər camaat işləmək istəmir. Hamı işləmək istəyir. Normal iş yeri olsa, hamı gedib işləyər, yaxşı maaş olsa, hamı işləmək istəyir”.
“Reallıq budur ki, pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların öz hesablarına yığdığı, ödədiyi vəsait onun ailə üzvlərinə verilmir. Bu nə dərəcədə ədalətlidir?”
“Artıq biz bu mexanizmi həll etməliyik. Onsuz da bu insanların böyük əksəriyyəti bizim normal səhiyyə sistemimizin olmamasına, yaxud da sağlamlıqla bağlı müəyyən problemlərə görə dünyasını dəyişir”, – deyə deputat qeyd edib.
Millət vəkili əlavə edib ki, Azərbaycanda onkoloji xəstəliklərdən ölənlərin sayı artıb: “Şəkər, ürək xəstəliyindən əziyyət çəkən insanlar dünyasını vaxtından əvvəl dəyişirlər. Kimin ki, pulu yoxdur Türkiyəyə, Avropaya müalicəyə gedə bilmir, Azərbaycanda keyfiyyətli müalicə olunmadığına görə həyatını çox vaxt itirirlər”.
“İnsanları işləməməyə sövq etməkdən çəkinməliyik”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Sahil Babayev bildirib ki, nazirliyin İşsizlikdən Sığorta Fondunun ümumi büdcəsi çərçivəsində əsas mövqeyi aktiv məşğulluq proqramlarının genişləndirilməsidir: “Biz öz qazancını əldə etmək imkanını yaratmalıyıq. Bu sahədə siyasətimiz növbəti dönəmdə davam edəcək. 400 minə yaxın işsizi məşğulluq proqramı çərçivəsində işə düzəltmişik, 55 min şəxsin özünüməşğulluğu təmin edilib. İldə 15-16 min ailəni özünüməşğulluqla təmin edə bilərik. Bu sahədə müraciətlərin sayı 80-90 minə çatır. Prosesin tam şəffaf olması üçün bütün tədbirlər görülüb”.
“Pensiya yaşı ilə bağlı müəyyən rəqəmlər səslənmişdi. 65 yaşına çatan insanlar arasında 60 % pensiya alan var, 40 % sosial müavinət alır”.
Nazir bildirib ki, ümumi olaraq büdcə gəlirlərində həm transferin, həm də məcburi dövlət sosial sığorta haqlarının məbləği 10 % azalıb, özəl sektor artıb: “2019-cu ildən bu günə qədər sosial müavinətlərin, pensiyaların, əməkhaqqının artırılması istiqamətində çox ciddi islahatlar həyata keçirilib. Hər halda belə dinamik şəkildə sosial ödənişləri artıran az sayda dövlət var. Növbəti dövrlərdə də dövlətin siyasətində sosial sahəyə dəstəyin artırılması davam edəcək. Azərbaycan vətəndaşının rifahının təmin olunması üçün bu ödənişlər ardıcıl şəkildə həyata keçiriləcək”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi II oxunuşda qəbul olunub.
Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
Bineqedi.com