Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.
Bineqedi.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O bildirib ki, hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqqlarında artımlar olacaq.
“Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əməkhaqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələrarası fərq nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları gözlənilir. Bu isə o deməkdir ki, fevralın 5-dək həmin qurumların da yeni əməkhaqqı cədvəllərini təsdiq üçün təqdim edəcəkləri gözləniləndir. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq”, – deyə o bildirib.
Ünvanlı sosial yardımın təyin edilməsi üçün əsas götürülən ehtiyac meyarının məbləğinin 2023-cü il üçün artırılaraq yaşayış minimumu ilə eyniləşdirilməsi sosial islahatlar tarixində ciddi hadisədir.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, hazırda həm yaşayış minimumu, həm ehtiyac meyarı 246 manat məbləğində müəyyənləşdirilib.
“Ehtiyac meyarının ötən illə müqayisədə təxminən 23 faiz artırılması ailələrə və fərdlərə verilən ünvanlı sosial yardımın təqribən 35 faiz artmasını şərtləndirəcək. 2023-cü ildə ünvanlı sosial yardımlarının bir ailəyə düşəcək orta aylıq məbləğinin təxminən 535 manata çatacaq ki, bu da təqribən 270 min aztəminatlı vətəndaşımızı əhatə etmiş olacaq”, – deyə M.Quliyev bildirib.
Komitə sədri vurğulayıb ki, ehtiyac meyarının yaşayış minimumu ilə eyniləşdirilməsi yoxsulluqla mübarizədə çox ciddi bir hadisədir. Azərbaycan hökumətinin sosial siyasətində aktiv sosial müdafiə tədbirləri prioritet təşkil edir.

















