Hərbi xidmətə yararsızlığa dair saxta tibbi rəy verən şöbə müdiri məsuliyyətə cəlb edildi

0
126
mehkeme-qanun-edalet

“Sabunçu Tibb Mərkəzi”nin şöbə müdiri məsuliyyətə cəlb edilib.

Bineqedi.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə şöbə müdiri vəzifəsində işləyən Qaracayev İlqar Qaraca oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır.

Belə ki, İlqar Qaracayevin qeyd olunan vəzifədə işləyərkən hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylərin verilməsi müqabilində onlardan 18 min manatdan artıq məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında İlqar Qaracayevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilərək səhhəti və yaşı nəzərə alınmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Onu da qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.
Bu barədə yerli KİV-də məlumat yayılıb.
Bildirilir ki, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən fakt təsdiq edilib.
Bildirilib ki, ətraflı məlumat veriləcək.

Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbələrində əməliyyat keçirilib.
Baş Prokurorluğun Mətbuat xidməti “Report”un sorğusuna cavab olaraq məlumatları təsdiqləyib.

Əvvəlki məqaləBinəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi barədə maraqlı faktlar
Növbəti məqalədəBinəqədidə dəhşətli hadisə: Avtomobil ölmüş qadının üzərindən keçdi