PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə nəticələri açıqlanıb. Ötən il keçirilən PISA tədqiqatında əsas sahə riyaziyyat olub və 81 ölkədən ümumilikdə 700 000-ə yaxın şagird qiymətləndirmədə iştirak edib.
Riyaziyyat üzrə nəticələrə görə ilk beşlikdə Sinqapur, Makau (Çin), Çin Taypeyi, Honkonq (Çin) və Yaponiya qərarlaşıb. Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan sıralamada 81 ölkə arasında 56-cı yerdədir. Ölkəmiz Meksika, Braziliya, Gürcüstan, Özbəkistan, Albaniya və Şimali Makedoniyadan daha yuxarı nəticə göstərib. Lakin bəzi təhsil ekspertləri nəticələrdən razı deyil.
PISA nəticələri ilə bağlı bir neçə ekspertlə danışıb.
Təhsil eksperti Elçin Əfəndinin fikrincə, yoxlanmaların riyaziyyat istiqaməti üzrə olması bizi geri salıb:
“Beynəlxalq təhsilin keyfiyyətinin ölçülməsi ilə məşğul olan müəyyən qurumlar var ki, onların açıqlamalarına nəzər yetirdiyimiz zaman ölkəmizdə istər aşağı təhsil, istər yuxarı təhsil pilləsində müvafiq olaraq müəyyən çatışmazlıqların olduğunu görürük. PİSA tərəfindən aparılan qiymətləndirmə ilə ölkəmiz 81 ölkə arasında 56 yerdə yer alıb. Biz əsasən qonşu ölkələrindən Gürcüstanı, böyük ölkələrdən isə Argentinanı geridə qoymuşuq. Məhz riyaziyyat istiqaməti üzrə ölçülməsi bizi PİSA-da geri salıb. Bu istiqamətdə işlərin aparılmasına artıq start da verilib. Müəyyən boşluqlar istiqamətində işlərin görülməsinə başlanılıb”.
Ekspert vurğulayır ki, PİSA-nın yoxlaması yalnız Bakı məktəbləri üzrə olub, lakin Azərbaycan təhsil sistemi təkcə Bakıdan ibarət deyil.
“Yoxlanma bütün respublika üzrə olmalı idi. o zaman biz əsas göstəricini görə bilərdik. Biz daha sürətli göstəricilərin artımına çalışmalıyıqsa Sinqapur, Finland modelini tətbiq edə bilərik. Daha çox araşdırma apararaq onların modeli üzərində öz modelimizi yarada bilərik”, – o qeyd edib.
Təhsil eksperti Elmin Nuri də azərbaycanlı şagirdlərin göstəricilərinin ürəkaçan olmadığını diqqətə çatdırıb.
“Çox təəssüf olsun ki, azərbaycanlı şagirdlərin göstəriciləri bu dəfə də ürəkaçan olmadı. 81 ölkədən 700 mindən çox şagird arasında qiymətləndirilmə aparılmışdı. Bu qiymətləndirmə istiqamətində riyaziyyat, təbiət elmləri, oxuyub-anlama məzmun xəttləri istiqamətləri üzrə aparılıb. 81 ölkə arasında 56-cı yerdə olduq. Riyaziyyat üzrə 397, oxuyub-anlama məzmun xətti üzrə 365, təbiət elmləri üzrə 380 ballıq nəticə göstərə bildik. Düşünürəm ki vəziyyət ürəkaçan deyil. PİSA şagirdlərimizin bəzi göstəriciləri ilə bağlı statistik bilgilər də yayımlayıb. 15 yaşa qədər olan uşaqlar arasında riyaziyyat 2-ci səviyyədən yüksəlmə faizi 38 faiz olub. Amma PİSA da bu göstərici 69 faizdir. 21 faiz geri qalırıq. 5-6-cı sinif üzrə yüksələn şagirdlər arasında azərbaycanlı şagirdlərin yeri cəmi 1 faizdir. Qiymətləndirmədə iştirak edən bütün şagirdlərin cəmi 1 faizi 2-ci səviyyəyə yüksələ bilib. Lakin hər ölkə üzrə orta göstərici 9 faizdir. Biz burada 8 faiz geri qalırıq. Oxuyub anlama məzmun xətti üzrə 2018-ci ilin göstəricilərindən 24 faiz aşağı nəticə göstərmişik. Halbuki mən xatırlayıram 2018-ci ilin göstəriciləri elan olunanda hamı bunu faciə kimi qarşılamışdı.”
Ekspert geriləmələrin əsas səbəbini COVID-19 pandemiyasında görür:
“PİSA bəyanat yayıb ki, bütün ölkələrdə geriləmələr var. Hətta ilk pillədə olan Sinqapurda da geriləmə müşahidə olunub. Bunun əsas səbəbi COVID-19 pandemiyasıdır. Bildiyimiz kimi, 2019-da koronavirus çıxdı və 2 ilə qədər müddətdə təhsilə xeyli ziyan vurmuş oldu. Lakin koronavirus olmasaydı yenə də bizim göstəricilərimiz yüksək olacaqdımı? Fikrimcə, biz yenə də aşağı-yuxarı bu yerlərdə olacaq idik. Azərbaycan kiçik ölkə deyil. 81 ölkədən 56-cı olmaq bərbad nəticədir. Biz PİSA-nın bütün dövlətlərin şagirdlərinin üzərində apardığı qiymətləndirmə 3 istiqamətdən kənara çıxmır. Biz digər ölkələrin təhsil sistemindən nələrdə geri qalmışıqsa, onu araşdırmalıyıq. Riyaziyyat və məzmun xəttində etiraf edək ki, açıq tipli, stuasiyaya görə qərar qəbul etmə, hadisələrin bir-birinə zəncirvari bağlantısını qurmaq, sadə konstruksiyaları həll edə bilmə bacarığı, vəziyyətdən çıxış yolu bacarığı, stuasiyaya görə doğru qərar vermə bacarığı və sair, biz bu məzmun xəttinə cavab verə bilmədik. Test sistemi şagirdlərin əlindən bu göstəriciləri aldı. Hər il 9-cu siniflərin buraxılış imtahanından sonra DİM statistik göstəriciləri açıqlayır. Riyaziyyatda açıq tipli suallara cavab vermə faizi çox biabırçıdır. İmtahan verənlərin 50 faizi 0 nəticə göstərib. İldən-ilə vəziyyət düzəlmək əvəzinə pisləşir. Artıq təhsildə yanaşma dəyişilməlidir. Biz bu gün təhsilimizi qəbul imtahanının elementi olmasından xilas etməliyik. Əgər onu edə bilsək, biz bütün qiymətləndirmə platformalarında irəli gedə biləciyik.”
Təhsil məsələləri üzrə ekspert Adil Vəliyev də PISA nəticələrinin yaxşı olmadığını düşünür.
“PISA nəticələrinə baxdıqda bizim göstəricimiz heç də yaxşı deyil. Çünki PİSA-da riyaziyyat, oxuyub-anlama və əsas götürülür və buna görə də ballar hesablanıb nəticələr açıqlanır. Düzdü riyaziyyatdan 25 ölkəni geridə qoymuşuq. Lakin oxuyub anlama və təbiət elmlərində biraz geriləməmiz var. Bir şeyi də nəzərə almaq lazımdır ki, bu hesablamalar Bakı məktəbləri üçün nəzərdə tutulub. Biz əgər regionları nəzərə alsaydıq, biz orada demək olar ki, axırıncı yerdə olardıq. Bəlkə də siyahıya belə düşə bilməzdik”, – o vurğulayıb.
Adil Vəliyevin sözlərinə görə, Azərbaycanda bəzi fənlərin adı var, amma özü yoxdur:
“Məsələn texnologiya fənnini misal göstərmək olar. Texnologiya fənnində nəinki region məktəbləri, Bakı məktəblərində belə şagirdlərə kifayət qədər bilik öyrədilmir. Biz o zamanlar texnologiya fənni keçəndə praktiki cəhətdən öyrədilirdi. Təəsüff ki, indi kitabı oxumaqdan başqa heç nə edilmir. Biz hər hansı inkişaf etmiş ölkənin təhsil sistemini Azərbaycana gətirsək, onun heç bir nəticəsi olmayacaq. Azərbaycanda yaşayan valideynlər, uşaqların düşüncə şəkli fərqlidir. Biz PİSA-da görürük ki, hər 3 kateqoriya üzrə Sinqapur 1-ci yerdədir. Onların təhsilini gətirsək belə heçnə olmayacaq. Bizim sadəcə bir yolumuz var ki, həmin təhsil modellərini Azərbaycan təhsil modeli ilə birləşdirib yerinə daha yeni təhsil modeli çıxaraq. Bunu da pilot siniflərdə edib nəticəsinə görə digər məktəblərdə tətbiq edərək nəsə əldə edə bilərik. Məsələn məktəbdə olan informatika fənni ilə monitorinq aparsaq, kompüterlərin işlək vəziyyətində olmadığını görərik. Məktəb rəhbərləri də kompüterlər xarab olmasın deyə yenilərini istifadəyə vermək istəmir.Modern.az