TƏBİB rəhbərindən qızılca ilə bağlı çağırış

0
1931

“Ölkədə qızılca ilə bağlı vəziyyət stabildir. Vətəndaşların tibb müəssisələrinə müraciətləri qeydə alınır. Bizim çağırışımız budur ki, valideynlər övladlarında qızılcanın hansısa simptomunu aşkar edərlərsə, birbaşa tibb müəssisələrinə müraciət etsinlər”.

Bineqedi.com saytı qafqazinfo-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, tibb müəssisələrimiz, həkimlərimiz, səhiyyə işçilərimiz buna hazırdır. Ehtiyac olarsa, onlar stasionar müalicəyə cəlb olunacaqlar: “Bunun üçün şərait də var. Dərman təminatı ən üst səviyyədədir. Çarpayı fondumuz kifayət qədərdir. Xəstəxanalarda heç bir sıxıntı yoxdur. Vətəndaşlar övladlarında yaranmış hər hansı bir simptomun aradan qaldırılması, xəstəliyin müalicəsi ilə bağlı çox rahatlıqla həm sahə həkimlərinə, həm infeksion bölmələrə, həm də xəstəxanalara müraciət edib tibbi xidmətlər əldə edə bilərlər”.

V.Qurbanov əlavə edib ki, sahə həkimləri öz ərazilərində həm xəstələrin vəziyyətini, həm də onların ailə vəziyyətini dəyərləndirirlər: “Bu gün bizim aşkar etdiyimiz odur ki, vətəndaşlar evdə müalicəyə üstünlük verirlər. Biz bunun tərəfdarı deyilik. Bununla bağlı tibb müəssisələrinə xüsusi təlimatlar göndərilib. Sahə həkimləri öz ərazilərində həm xəstələrin vəziyyətini, həm də onların ailə vəziyyətini dəyərləndirirlər. Hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, xəstəxanaya yerləşdirilir, hansı xəstənin evdə müşahidəyə ehtiyacı varsa, evdə müşahidə altında saxlanılır. Bu iş keyfiyyətli şəkildə davam etdirilir. Çağırışımız ondan ibarətdir ki, övladında hər hansı simptom müşahidə edilən valideynlər dərhal tibb müəssisələrinə müraciət etsinlər”.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tibb müəssisələrindəki rentgen otaqlarının fəaliyyətinin monitorinq edilməsi ilə bağlı sualı cavablandırıb.

İcraçı direktor qeyd edib ki, həm vətəndaşların, həm də tibb işçilərinin sağlamlığına zərər verəcək halların aradan qaldırılması istiqamətində işlərin aparılmasında maraqlıdırlar:

“Fövqəladə Hallar Nazirliyi ilə bu istiqamətdə müzakirələr aparırıq. Onların hazırladıqları təlimatlar üzrə tibb müəssisələrində rentgen otaqlarının, KT otaqlarının həm izolyasiyası, həm də orada müvafiq addımların atılması istiqamətində işlər aparılır. Tibb müəssisələrimizin sayı çoxdur. Ümid edirəm ki, gələn ilin sonuna bütün tibb müəssisələrində bu istiqamətdə yoxlamalar aparılacaq və hansı müəssisədə belə sıxıntı varsa, aradan qaldırılacaq”.

Vüqar Qurbanov qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra təxirəsalınmaz təcili tibbi yardım stansiyalarının avtomobil parklarının yenilənməsi və müəssisələrin təcili yardım avtomobillərinə ehtiyaclarının ödənilməsi məqsədilə bu günə kimi 349 sayda ambulans alınıb.

Onun sözlərinə görə, 2022-ci ildə ümumilikdə 65 ədəd olmaqla 20 ədəd reanimobil, 37 ədəd ambulans, 7 ədəd çətin keçilən ərazilər üçün ambulans, 1 ədəd küvəzli ambulans alınaraq müəssisələrdə istifadəyə verilib: “2023-cü ildə isə ümumi sayı 100 ədəd olmaqla 20 ədəd reanimobil, 66 ədəd ambulans, 10 ədəd küvəzli reanimobil, 3 ədəd psixiatrik xəstəxanalar üçün nəzərdə tutulmuş ambulans və 1 ədəd səyyar rentgen cihazlı təcili yardım avtomobili alınıb”.

 

 

Əvvəlki məqaləBu küçələrdə avtomobillərin hərəkət qaydası dəyişdi
Növbəti məqalədəVətəndaşların NƏZƏRİNƏ: Sabah Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək