Yük avtomobilləri ilə daşıdıqları məişət tullantılarını yol kənarına boşaldan üç nəfər saxlanılıb.
Həmin şəxsləri Binəqədi rayon 43-cü polis bölməsinin əməkdaşları ətrafda yaşayan sakinlərin şikayəti ilə tutub.
Polis bölməsinə məlumat daxil olub ki, Binəqədi-Novxanı-Mehdiabad yolunun kənarına gecə saatlarında ”KamAz” markalı yük avtomobilləri zibil tökür.
Bölmə əməkdaşları həmin gecə əraziyə baxış keçirərkən məişət tullantılarını ora tökən üç yük avtomobilinin sürücüləri – Kərim Kərimli, İbrahim İbrahimov və Ozal Rzayevi saxlayıb.
Saxlanılarkən onlar həmin yerə bir neçə vaxtdır ki, məişət tullantıları yox, bünövrə üçün qazılan ərazidən torpaq daşıyıb tökdüklərini deyiblər.
Polis həmin şəxsləri bölməyə, avtomobillərini isə cərimə meydançasına aparıb. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Əraziyə gələn nazirliyin 11 saylı regional idarəsinin əməkdaşı Taleh Hacıyev deyib ki, əraziyə tökülən torpağa qarışdırılmış məişət tullantılarıdır.
Qeyd edək ki, həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə fiziki şəxs qisimində 500 manatdan 800 manata qədər cərimə olunaraq məsuliyyətə cəlb ediliblər.xezerxeber.az