“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Bineqedi.com xəbər verir ki, qanunun 8-ci maddəsinə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurlar.
Daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği nəzərə alınmaqla 6000 manat müəyyən edilməsi təklif olunur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə birdəfəlik müavinət veriləcək.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Belə ki, arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xidmətin keyfiyyətinə dair tələblərə uyğun olaraq göstərilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Qeyd edilib ki, təqdim olunan qanun layihəsi “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.
Qeyd edək ki, Azərbaycanda uşaq hüquqlarının inkişafı istiqamətində davamlı olaraq islahatlar həyata keçirilir. Uşaq hüquqları haqqında BMT Konvensiyasının milli qanunvericlikdə tətbiq olunması məqsədilə son illərdə mühüm normativ aktlar qəbul olunub.
Layihədə qeyd edilən tələblər müəssisələrdə xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edir. Hazırlanmış tələblərin uşaq müəssisələrində Azərbaycan Prezidentinin 2012-ci il 8 may tarixli, 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən keçirilən monitorinqlərdə istifadə edilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.