2 İyul Azərbaycan Polisi Günü: Qanunun keşiyində, xalqın xidmətində…

0
23574
daxili isler nazirliyi

Hər bir dövlətin əsas dayaqlarından biri güclü və peşəkar hüquq-mühafizə sistemidir. Azərbaycanda bu sistemin ən vacib sütunlarından biri – daxili işlər orqanlarıdır. Məhz buna görə də hər il 2 iyul tarixi ölkəmizdə Azərbaycan Polisi Günü kimi qeyd olunur. Bu tarix təkcə bir peşə bayramı deyil, həm də xalqla dövlət arasında güvən körpüsünün simvoludur. Azərbaycan polisi öz fəaliyyətinə hələ 1918-ci ildə – Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlamışdır. 1918-ci ilin 2 iyul tarixində daxili işlər orqanlarının əsasının qoyulması ilə Azərbaycan polisinin müstəqil fəaliyyəti rəsmiləşmişdir. O dövr üçün yeni yaradılan bir dövlətin sabitliyi və təhlükəsizliyi baxımından bu qərar olduqca önəmli idi.

SSRİ dövründə də hüquq-mühafizə orqanlarının fəaliyyəti davam etdirildi, lakin bu sahədə milli xüsusiyyətlər arxa plana keçmişdi. Yalnız 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan polisi yenidən müstəqil və milli maraqlara xidmət edən bir struktur kimi formalaşmağa başladı. 1998-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə 2 iyul tarixi rəsmi olaraq “Azərbaycan Polisi Günü” elan olundu.

Çağdaş dövrdə Azərbaycan polisi

Bu gün Azərbaycan polisi ölkənin təhlükəsizliyinin, ictimai asayişin və hüququn qorunmasının təmin olunmasında müstəsna rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi altında Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə aparılır.

Polis əməkdaşları:

  • Cinayətkarlıqla mübarizə aparır,
  • İnsanların həyat və əmlak təhlükəsizliyini qoruyur,
  • Yol hərəkətinin təhlükəsizliyini təmin edir,
  • Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı çıxır,
  • Təbii fəlakət və fövqəladə hallarda insanlara yardım göstərirlər.

Azərbaycan polisinin fəaliyyəti təkcə daxili sabitliklə məhdudlaşmır. Polis əməkdaşları beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində terrorizm, transmilli cinayətkarlıq və insan alveri kimi qlobal təhlükələrə qarşı mübarizədə də fəal iştirak edirlər.

Polis – cəmiyyətin güvən ünvanı

Polis peşəsi böyük məsuliyyət və fədakarlıq tələb edir. Onlar gecə-gündüz, istidə-soyuqda, bayramda və iş günündə daim vətəndaşların təhlükəsizliyi naminə xidmətdə olurlar. Hər birimiz çətin anlarımızda ilk olaraq polisə üz tuturuq. Bu isə onların cəmiyyətin etimadını qazandığını göstərir.

Son illərdə daxili işlər orqanlarında aparılan islahatlar nəticəsində şəffaflıq, insan hüquqlarına hörmət və peşəkarlıq daha da ön plana çıxıb. Xidmətin müasir texnologiyalarla təchiz olunması, “rəqəmsal polis” yanaşmasına keçid, həmçinin peşəkar, savadlı kadrların cəlb olunması bu sistemin inkişafına təkan verir.

2 iyul – Azərbaycan Polisi Günü, yalnız polis əməkdaşlarının deyil, həm də bütün xalqın təhlükəsiz və dinc cəmiyyət naminə çalışan şəxslərə minnətdarlıq günüdür. Bu gün hər bir vətəndaş, öz təhlükəsizliyi naminə gecəsini-gündüzünə qatan, bəzən həyatını belə riskə atan Azərbaycan polisinin əməyini dəyərləndirməlidir.

bineqedi-besinci-polis-bolmesi

Peşəkarlığın və vətəndaş xidmətinin nümunəsi

Ölkə rəhbərliyinin peşəkarlara hər zaman diqqət və qayğı göstərməsinin nəticəsidir ki, yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı kadrlar dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilirlər. Belə təyinatlardan biri də bir müddət öncə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsində gerçəkləşib.

Yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı, savadlı kadrlardan olan polis polkovnik-leytenantı Eyvaz Mürvələdovun Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi vəzifəsinə təyinatı məhz bunun bariz nümunəsidir.

Eyvaz Mürvələdov xidmətə başladığı ilk illərdən indiyədək hər zaman polis adını uca tutur, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır, cinayətkarlıqla mübarizədə hər zaman dövlətin və qanunun mənafeyindən çıxış edir.

Azərbaycanın hüquq-mühafizə orqanları sırasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi öz xüsusi yeri və fəaliyyət istiqamətləri ilə seçilir. Bu bölmə Binəqədi rayonunun dinamik inkişaf edən ərazilərindən birində yerləşərək, minlərlə sakinin təhlükəsizliyini təmin edir. Əhalinin gündəlik müraciətləri, təhlükəsizliklə bağlı çağırışlar və ictimai asayişin qorunması istiqamətində bu bölmənin əməkdaşları yüksək məsuliyyətlə xidmət göstərirlər.

5-ci Polis Bölməsi Eyvaz Mürvələdovun rəhbərliyi ilə təkcə cinayətkarlıqla mübarizə deyil, eyni zamanda profilaktik tədbirlərin həyata keçirilməsi, əhali arasında hüquqi maarifləndirmə, azyaşlıların və gənclərin zərərli vərdişlərdən qorunması, ailə zorakılığı və digər sosial problemlərlə bağlı da mühüm işlər görür.

Bölmənin peşəkar əməkdaşları daim öz bilik və bacarıqlarını təkmilləşdirir, müasir texnologiyalardan istifadə etməklə operativ reaksiya verir və vətəndaşlara daha effektiv xidmət göstərmək üçün gecə-gündüz fəaliyyət göstərirlər.

Əhalinin bölməyə olan etimadı, müraciətlərin səmimi şəkildə qarşılanması və problemlərin yerindəcə həll olunması bu strukturun cəmiyyətdə qazandığı hörmətin nəticəsidir.

Güclü dövlət – güclü polis

Azərbaycan Polisi Günü, polis əməkdaşlarının cəmiyyətə göstərdiyi fədakarlığın, zəhmətin və məsuliyyətin tanındığı və təqdir olunduğu bir gündür. Bu münasibətlə Daxili İşlər naziri cənab Vilayət Eyvazovu, Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyini, o cümlədən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Mürvələdovu və bütün əməkdaşlarını ürəkdən təbrik edir, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayırıq. Xalqın təhlükəsizliyi, dövlətin sabitliyi və ictimai asayiş üçün gecə-gündüz çalışan bu insanların əməyi hər zaman qiymətləndirilməlidir. Unutmayaq ki, polis – yalnız qanunun yox, həm də ədalətin və güvənin keşiyində duran qüvvədir. Bayramınız mübarək, Azərbaycan polisi!

Hikmət Həsənov, Bineqedi.com saytının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı, Qazi atası

Əvvəlki məqaləBir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında SƏRƏNCAM