Həqiqi hərbi xidmətin yaş həddi dəyişir – Yeni QAYDA

0
3086

Həqiqi hərbi xidmətdə olmağın yaş həddi müəyyən edilməyən şəxslərin siyahısı genişləndirilir.

Bineqedi.com  xəbər verir ki, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişikliklər layihəsində öz əksini tapıb.

Layihədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddinin müəyyən edilməməsi təklif olunur.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən dəyişikliyə əsasən, ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müvavini üçün yaş həddi müəyyən edilmir. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdən sonra yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Azərbaycan Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.

Mövcud qanunvericilik ordu generalı hərbi rütbəsinə malik hərbi qulluqçular üçün hərbi xidmətdə olmağın son yaş həddini müəyyən etmir. Layihədə həqiqi hərbi xidmətdə olmağı yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişlənməsi nəzərdə tutulur.

Qeyd edək ki, həqiqi hərbi xidmətdə olmağın yaş həddi aşağıdakı kimidir:

– Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: 31.5 yaş;

– Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar, kiçik zabitlər: 48 yaş;

– Mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər: 48 yaş;

– Polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər: 53 yaş.

– Ali zabitlər üçün – general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral: 58 yaş;

– General-polkovnik, admiral, 63 yaş.

Sözügedən məsələ parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.

Rütbəsi böyük olanın yanında kiçikrütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyükrütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) həbs edə biləcək.

Bununla bağlı Azərbaycan hərbi qanunvericiliyinə dəyişiklik edilir.

Təklif olunur ki, belə hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları var.

Mövcud qanunvericiliyə əsasən, rütbəsi böyük olanın yanında kiçikrütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyükrütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu həbs edə bilər.

Belə hallarda kiçik zabitləri generalların və admiralların; gizirləri və miçmanları generalların, admiralların və baş zabitlərin; əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları var.

Bundan əlavə, təklif olunan dəyişikliklə əsgər, matros və çavuşların həbsinin icrası bölük (komanda) baş çavuşuna həvalə ediləcək. İdarələrdə (müəssisələrdə) hərbi qulluqçunun həbsi həmin cəzanı təyin etmiş rəis və ya idarə (müəssisə) rəisinin göstərişi ilə təyin edilmiş şəxs tərəfindən icra olunacaq.

Təklif olunan dəyişikliklər “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi barədə”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara aid edilir.

Sözügedən məsələ parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.

Əvvəlki məqaləPrezident: “Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək”
Növbəti məqalədəElxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto