Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək.
Bineqedi.com president.az-a istinadə xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliyi təsdiqləyib.
Belə ki, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilib.
Qanun sentyabrın 15-dən qüvvəyə minəcək.
***
“Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək”.
Bunu Elm və Təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakültəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi Xocalıda fəaliyyətə başlayacaq.
“Qarabağ Universiteti məhz Azərbaycan suverenliyin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk universitetdir. Bu universitetin mahiyyəti tələbələridir. Bu şəhərin bərpasında və inkişafında tələbələrin rolu böyükdür, odur ki, buranı seçən tələbələrə təşəkkür düşür. Çünki buradakı tələbələrin çox başqa universiteti də seçə bilərdi. Hüquq fakültəsinə qəbul olan 600 baldan çox yığan tələbələrdir”, – E.Əmrullayev əlavə edib.

















