Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində növbəti tədbir baş tutub.
Bineqedi.info saytına verilən məlumata görə, 306 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Kənan Kərimov, YAP Binəqədi rayon təşkilatı aparatının baş məsləhətçisi Rahil Şükürov, 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi Elməddin Rəsulov, 306 nömrəli tam orta məktəbin direktoru Gültəkin Ədilova, məktəbin pedagoji və şagird heyəti iştirak edib.
Tədbir 306 nömrəli tam orta məktəblərin şagirdlərinin ifasında Nəsimiyə həsr edilmiş tamaşa ilə açıq elan edilib, daha sonra şagirdlər müxtəlif qəzəllər ifa edilib, musiqilər səsləndirilib.
Şagirdlərin iştirakı ilə Nəsimi 650 adlı fləşmobdan ibarət videoçarx nümayiş edilib.
Çıxış edən 306 nömrəli tam orta məktəbin direktoru Gültəkin Ədilova Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisi olduğunu bildirib.
Tədbirdə nitq söyləyən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov İmadəddin Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımların məhz ulu öndər Heydər Əliyev tərəfindən atıldığını bildirib. R.Göyüşov Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edildiyini vurğulayıb və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunduğunu bildirib.
Natiq Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirdiyini qeyd edib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.