Binəqədidə “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində tədbirlər davam edir

0
52

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində növbəti təqdimat baş tutub.
Bineqedi.info saytı xəbər verir ki, təqdimat təsdiq edilmiş qrafikə uyğun olaraq “İdrak” liseyinin təşkilatçılığı ilə keçirilib və dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Təqdimatda layihənin əsasnaməsində nəzərdə tutulduğu kimi liseyin şagirdlərinin ifasında Nəsiminin yaradıcılığında yer alan və şairə həsr olunmuş müxtəlif qəzəllər, musiqilər ifa edilib, kompozisiyalar nümayiş etdirilib. Həmçinin şagirdlər liseyin musiqi müəllimi, gənc bəstəkar Məhərrəməli Əlişanovun Nəsiminin “Sığmazam” qəzəlinə bəstələnən romansını canlı ifa ediblər.
Tədbirdə “İdrak” liseyinin təsisçisi, pedoqoji elmlər doktoru, professor Mönsüm Alışov çıxış edərək, qonaqları salamlayıb və tədbirin hazırlanması haqqında məlumat verib. Bildirib ki, orta məktəblərdə bu cür tədbirlərin keçirilməsi şagirdlərin hərtərəfli yetişməsində, onların maarifləndirilməsində olduqca mühüm rol oynayır.

ramiz-goyusov-bineqedi-nesimi-ili
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, prezident təqaüdçüsü, ədəbi tənqidçi, şair Əsəd Cahangir bildirib ki, Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, İmadəddin Nəsimi təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük mütəfəkkir, istedadlı şəxsiyyətdir. Onun yaradıcılığı dünya poeziyasına mühüm töhfədir. Böyük filosof şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin özülünü qoymuş, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmiş söz ustadıdır. Nəsimi yaradıcılığı nəinki Azərbaycan ədəbi mühitinin formalaşmasına, eləcə də ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm etməklə dünya ədəbiyyatına böyük təsiri olub. Çünki Nəsimi bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir. Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan edilməsi haqqında sərəncam imzalanması təsadüfi deyil. “Nəsimi İli” çərçivəsində ölkəmizin hər bir yerində, o cümlədən Binəqədi rayonunda da silsilə tədbirlər keçirilir və Nəsiminin əziz xatirəsi ehtiramla yad edilir. Ramiz Göyüşov çıxışının sonunda məktəbliləri təbrik edərək, onlara uğurlar arzulayıb.
Sonda tədbirdə muğam üçlüyünün müşayiəti ilə musiqi nömrəsi səsləndirilib və tədbir iştirakçıları “İdrak” Liseyinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxıblar. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Bineqedi.info

Əvvəlki məqaləVəfat etmiş şəxsin pensiyasını vərəsəsi ala bilər – Fond məsələyə aydınlıq gətirdi
Növbəti məqalədəBinəqədi məktəbliləri arasında atletika üzrə yarış keçirilib – Fotolar