Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 4-cü nömrəsində düzəliş edib.
Bineqedi.com xəbər verir ki, bu haqda DİM məlumat yayıb.
Bildirilib ki, jurnalın 46-cı səhifəsində Bakı Ali Neft Məktəbinin “248279 Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə) – Maliyyə (MBA, tədris ingilis dilində)” ixtisaslaşmasının təhsil haqqı texniki səbəblərdən səhvən 5000 əvəzinə 3000 göstərilib.
Qeyd olunan ixtisaslaşma üzrə təhsil haqqı 5000 manatdır.
***
2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.
Bu barədə Elm və Təhsil Nazirliyinin hesabatında qeyd olunub.
Bakalavriat səviyyəsində Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İnha Universiteti ilə mühəndislik ixtisasları üzrə (informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi) təhsil almaq hüququ qazananların sayı 400, məzun sayı isə 319 nəfər olub.
Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universiteti ilə mühəndislik ixtisasları üzrə (aqromühəndislik, bitki mühafizəsi, iqtisadiyyat, aqronomluq) təhsil almaq hüququ qazananların sayı 330, məzun sayı isə 39 nəfər olub.
Magistratura səviyyəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-nin Corc Vaşinqton Universitetinin ikili diplom proqramının təhsil və insan kapitalının inkişafı ixtisası üzrə təhsil almaq hüququ qazananların sayı 127, məzun sayı 83 nəfər olub.
ADA Universiteti və ABŞ-nin Corc Vaşinqton Universiteti ilə kompüter elmləri və verilənlərin analizi, elektrik mühəndisliyi ixtisasları üzrə təhsil almaq hüququ qazananların sayı 124, məzun sayı 83 nəfər olub.
Bakı Dövlət Universiteti və İsrailin Yerusəlim İbrani Universiteti arasında biotexnologiya ixtisasında təhsil almaq hüququ qazananların sayı 20 nəfər olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və İngiltərənin Vorvik Universiteti ilə bərpa olunan enerji mənbələri ixtisası üzrə təhsil almaq hüququ qazananların sayı 40 nəfər olub.