Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin başçıları şəhərin qəsəbələrində sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçirirlər.
Bineqedi.info saytı Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşlərdə rayonların rəhbərliyi ilə yanaşı, təsərrüfat və xidmət sahələrinin, bələdiyyələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə sakinləri, ağsaqqallar, din xadimləri, təhsil və səhiyyə işçiləri, digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Tədbirlər çərçivəsində Binəqədi RİH-in başçısı Elxan Allahverdiyev M.Ə.Rəsulzadə qəsəbəsində, Qaradağ RİH-in başçısı Süleyman Mikayılov rayonun Çeşildağ və Körgöz qəsəbələrində, Suraxanı RİH-in bağçısı Əziz Əzizov Hövsan qəsəbəsində, Xəzər RİH-in başçısı Elşən Salahov Binə qəsəbəsində, Sabunçu RİH-in başçısı Adil Vəliyev Maştağa, Ramana və Nardaran qəsəbələrində görüşlər keçiriblər. Görüşlərdə sakinlərin müraciətləri və təklifləri dinlənilib.
Sakinlərin böyük fəallığı və ənənəvi açıq mikrofon formatında keçən görüşlərdə dövlətimizin başçısı tərəfindən həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə edilib.
Görüşlərdə irəli sürülən bütün müraciət və təkliflər nəzarətə götürülüb.