Ermənistanda qalmaqallı və gərgin keçən 7 iyun parlament seçkiləri başa çatdı. Müxalif cəbhədə gözlənilənin əksinə olaraq, bu dəfə də hakim “Vətəndaş müqaviləsi” partiyası qələbə qazandı. Ermənistan qanunlarına görə, minimal səs həddini keçə bilməyən kiçik partiyaların səsləri də “DHondt üsuluna əsasən ləğv edilir və onların faizləri parlamentə daxil olan əsas 3 qüvvə arasında mütənasib şəkildə bölünür. Bu da o deməkdir ki, Paşinyanın partiyası yekun mandat bölgüsündə parlamentdəki 101 yerdən 64-ünə sahib olacaq, yəni hökuməti təkbaşına quracaq. Yəni, revanşistlərin və müxalifətin planları alt-üst oldu. Erməni seçici faktiki olaraq Azərbaycanın yaratdığı sülh gündəliyinə səs verdi.
Seçkilərdən sonra Ermənistanda, xüsusən də paytaxt İrəvanda vəziyyət gərgin olaraq qalmaqda davam etdi. Məğlubiyyətlə barışa bilməyən müxalifətin xüsusən də revanşist qanadı seçkilərin nəticələri ilə razılaşmadığını, müxtəlif qurumlara şikayət edəcəyini bəyan etdi. Hətta Robert Köçəryan cəbhəsi böyük mitinq və etirazlar vəd etsə də, nədənsə son anda planda dəyişiklik ortaya çıxdı. Bu isə o mənaya gəlir ki, seçicilərdən ciddi dəstək görə bilməyən eks-prezident daha da biabır olmamaq üçün başqa üsullara əl atıb. Hakim partiya isə seçkidə revanşı hədəfləyən müxalifəti hədəf alaraq əks-hücuma keçib. Bunun məqsədi isə köhnə elita və Rusiyayönümlü qüvvələrin parlamentdəki dayaqlarını tamamilə çökdürməkdir. Müxalifət liderlərinin cəmiyyətə verdiyi populist vədlərin sabun köpüyü kimi sönməsi və elə ilk administrativ təzyiqdə bəzi fiqurların ölkədən qaçmaq cəhdləri Ermənistanın siyasi teatrında “vətənpərvərlik” maskalarının sürətlə düşməsini şərtləndirir.
Məsələn, əvvəlcə də söylədiyimiz kimi, qara buludlar əsasən, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın başı üzərində fırlanır. Moskvanın İrəvandakı əsas dayaqlarından biri sayılan, Baş nazir Nikol Paşinyanla uzun illərə dayanan ədavəti olan Köçəryan üçün hüquqi çəmbər getdikcə daralır. Seçki kampaniyası dövründə tərəflər arasında təhqirə belə keçən söz duelinin seçkidən sonra belə sonlanacağı gözlənilən idi. Ermənistanın baş prokurorluğu Mərkəzi Seçki Komissiyasına vəsatət göndərərək, Köçəryanın, “Ermənistan” blokunda təmsil olunan Asatur Koçaryan və Ruslan Barseqyanın barəsində cinayət təqibinin başlanması və onların deputat toxunulmazlığının ləğvini tələb edib. Köçəryanın seçkilərdən dərhal sonra İrəvanı tərk etmək istəyi barədə erməni KİV-də və sosial şəbəkələrdə yayılan xəbərlərə də bu prizmadan baxmaq lazımdır. Zvarnotsdan geri qaytarılan Robertin uğursuz qaçış cəhdi iki səbəbdən ola bilər: 1) Hüquqi məsuliyyətdən yayınmaq. Eks-prezident anlayırdı ki, seçkidəki biabırçı məğlubiyyətdən sonra Paşinyan komandası onu konkret olaraq həbsə göndərəcək. Həm 2008-ci il mart hadisələri, həm də külli miqdarda rüşvət və korrupsiya qalmaqalları ilə xalqın da nifrətini qazanan Köçəryan aradan çıxmağa çalışıb. 2) Seçkidə məğlub olduqdan sonra yeni təlimatlar və Paşinyana qarşı B, C, D planı almaq üçün Kremlə üz tutub.
Hakim partiya da atılan hüquqi addımlarla göstərir ki, parlamentdə cüzi də olsa təmsil olunma hüququ əldə edən radikal və revanşist qanadı ilk mərhələdə neytrallaşdırmaq niyyətindədir. Çünki parlamentə düşən Köçəryan və ətrafı üçün deputat mandatı qanun qarşısında bir zireh sayılır. Amma MSK-ya təqdim edilən vəsatət bu zirehi darmadağın etmək məqsədini güdür. Hazırda Köçəryanı deputat masası yox, yenə də müttəhim kürsüsü gözləyir.
7 iyun seçkilərində Kremlin B planı sayılan və ciddi maliyyə resursları olan “Güclü Ermənistan” bloku da mənəvi iflasa sürüklənir. Seçkidən əvvəl qalib gələcəyinə əmin olan, seçicilərə əla həyat vəd edən Karapetyan komandası çaşqınlıq içindədir. Birincisi, liderin seçki kampaniyasında digər ölkələrin vətəndaşlıqlarından imtina edəcəyini söz versə də, bunu yerinə yetirməməsi onun siyasi çəkisini və sözünün kəsərini sıfıra endirib. Bu əməli ilə o, bəsit bəyanatlarla kütləni aldadan, manipulyasiya edən bir siyasi fiqura çevrilmiş sayılır. Vəziyyətin belə olması onun blokunda da təşvişə səbəb olub. Məsələn, Samvelə yaxınlığı ilə tanınan Narek Karapetyan başlayacaq siyasi fırtınanı əvvəlcədən hiss edərək, Rusiyaya qaçmağa cəhd edib. Karapetyan isə Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsində saxlanılmasını başqa cür izah edib. Guya onun məqsədi erməni fermerlərin məhsullarının Rusiyaya ixracına qoyulan qadağa ilə bağlı vəziyyəti öyrənmək olub. Amma Ermənistan sərhəd xidməti onu geri qaytararaq, ölkədən çıxışına qadağa qoyulduğunu bildirib. Siyasi elitaya iddia edən, dövləti idarə etmək niyyətində olan bir qüvvənin aparıcı simalarının ilk administrativ təhlükədə ölkəni tərk etməyə çalışması, Rusiyaya sığınma ssenariləri “Güclü Ermənistan”ın siyasi gələcəyini və cəmiyyətdəki son etimad qırıntılarını da yox edir.
Bundan əlavə, bu blokun seçki kampaniyası dövründə irəli sürdüyü ən ucuz və populist tezislərdən biri maaşlardan imtina məsələsi idi. Namizədlər özlərini xalqa təmənnasız fədailər kimi sırımaq üçün bəyan ediblər ki, mandat qazanacaqları təqdirdə dövlətdən maaş almayacaqlar, cəmi 1 dram rəmzi məbləğlə fəaliyyət göstərəcəklər. Bu, xüsusilə iqtisadi çətinliklər içində boğulan erməni seçicisinin rəğbətini qazanmaq üçün hesablanmış ucuz bir piar gedişi idi. Əgər blokun liderinin ilk vədlərindən boyun qaçırdığını nəzərə alsaq, onun siyasi tərəfdaşlarının da eyni addım atacağı qənaətinə gələ bilərik. Paşinyan komandası da bundan istifadə edərək, 1 dram maaş vədini tez-tez mediada gündəmə gətirərək, “Güclü Ermənistan”ın nümayəndələrini küncə sıxışdırır. Bu vəziyyət müxalifətin parlament fəaliyyətinə başlamadan öncə ciddi mənəvi aşınmaya məruz qaldığını və onların xalqın maraqlarını deyil, yalnız öz siyasi və biznes toxunulmazlıqlarını təmin etmək niyyətində olduqlarını ifşa edir.
Ermənistanın ən böyük oliqarxlarından sayılan, Serj Sarkisyanla şəxsi münasibətləri olan Qaqik Tsarukyan da seçkidə ciddi məğlubiyyətlə üzləşib. Onun təmsil etdiyi “Çiçəklənən Ermənistan” partiyası cəmi 3.98 faiz səs toplayıb. Bu isə onun keçid həddini aşmadığı deməkdir. Tsarukyanın 9 iyun tarixində İrəvanı tərk etməyə cəhd göstərməsi də onun “vətənpərvərliyinin” dərəcəsindən xəbər verir. Amma onun da qaçış cəhdi uğursuz olub. Hüquq-mühafizə orqanları ona qarşı xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma ittihamı ilə cinayət işi açıldığı və ölkədən çıxışına qadağa qoyulduğu bildirib. Hələ bu da azmış kimi, özünü hər zaman “xalqın adamı”, “sözübütöv lider” kimi təqdim edən Tsarukyan qanundan qaçan və axtarışda olan oğlunun 8 iyun tarixində İrəvana qayıdacağını və ədalətə təslim olacağını dəfələrlə seçki kampaniyasında bəyan edib. Bu, əslində kampaniya dövründə Tsarukyanın guya qanunun aliliyinə hörmətini göstərən gediş idi. Amma sözlə əməl üst-üstə düşmədiyi üçün oliqarxın siyasi nüfuzu ciddi zərər gördü. Çünki onun oğlu nəinki ölkəyə qayıtdı, Tsarukyan özü də Ermənistandan qaçmağa cəhd etdi.
Bütün bu faktlar göstərir ki, Ermənistanda seçki başa çatdıqdan sonra yaranan siyasi mənzərə müxalifət strateji, mənəvi və intellektual baxımdan iflas mərhələsinə qədəm qoyur. Seçkidən dərhal sonra Köçəryan, Tsarukyan kimi “liderlər”in qaçmağa cəhd göstərməsi sübut edir ki, yalan çıxan vədlər və biabırçı məğlubiyyət küçə müxalifəti potensialına da ciddi zərbə vurur. Bu prizmadan yanaşanda isə yaxın vaxtda iqtidara qarşı güclü cəbhənin qurulması qeyri-mümkün görünür…report.az

















