Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq.
Bineqedi.com xəbər verir ki, trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında söyləyib.
Dövlətimizin başçısı deyib: “Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq”.
Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir.
Dövlət başçısı qeyd edib ki, uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh sazişinin paraflanması, Vaşinqtonda Ağ Evdə Prezident Donald Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu.
“Azərbaycan bu razılaşmadan dərhal sonra əməli-praktiki addımlara keçdi. Ermənistana bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistan enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzər alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı müəyyən səbəblərə görə bir çox problemlər mövcuddur. Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin göndərilməsi geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox yük Azərbaycan ərazisindən keçib”.
Almaniya şirkətləri Azərbaycan qazının ixracı ilə bağlı 10 illik müqavilə bağlayıblar və ilkin həcm 1,5 milyard kubmetrdir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Almaniya arasında ümumi ticarət dövriyyəsi ötən il 1,5 milyard dollar ətrafında olub və bunun böyük hissəsi Almaniyanın Azərbaycana olan ixracıdır:
“Bizim ixracımızın əsas hissəsi xam neftdir. Bir neçə yüz milyon dollar səviyyəsində Azərbaycan xam neft təchiz edir. Nə qədər lazımdır, o qədər təchiz edə bilər”.
Prezident xatırladıb ki, bu ildən Azərbaycan Almaniyaya təbii qaz satmağa başlayıb:
“Ötən il ümumi qaz ixracımız 25 milyard kubmetr idi və onun yarısı Avropa İttifaqı ölkələrinə ixrac edilir”.
Prezident bildirib ki, Avropa bankları, xüsusilə Avropa İnvestisiya Bankı yaşıl gündəliyə görə neft-qaz layihələrinə öz maliyyə dəstəyini dayandırıb və bu, əsas problemlərdən biridir.
Dövlət başçısı qeyd edib ki, beləliklə, bu gün Avropanı qaz ilə təchiz edən infrastrukturu genişləndirmək üçün Azərbaycan başqa mənbələrdən kreditlər almalıdır.
“Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar. Xüsusilə, nəzərə alsaq ki, Yaxın Şərqdə böhran əfsuslar olsun ki, dərinləşir. Ənənəvi təchizat zəncirləri qırılıb. Nəzərə alsaq ki, Rusiyanın neftayırma zavodlarının sıradan çıxarılması ilə əlaqədar ənənəvi müştərilərə Rusiya istədiyi qədər neft məhsulları ixrac edə bilmir. Bütün bu sonu bilinməyən hadisələr davam edir. Ona görə hesab edirəm ki, yaşıl gündəliyi nəzərə almaq şərtilə bu məsələlərə yenidən baxıla bilər ki, Avropa bankları da neft-qaz layihələrinin işlənməsinə, infrastrukturunun tikintisinə və genişləndirilməsinə vəsait ayırsın. Belə olan halda, Azərbaycan öz qaz ixracını Avropa məkanına, o cümlədən Almaniyaya böyük dərəcədə artıra bilər”.

















