Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının I müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Zahid Qəmbərov küçəsində 99 nömrəli tam orta məktəbə gedən yolda piyada keçid zolaqlarının rənglənməsi, F.Hümbətov parkında su sayğacının bərpa edilməsi, Arif Hüseynov küçəsində bazarın qarşısında kanalizasiya xəttinin tutulması, İncəçay küçəsində sahibsiz heyvanların ərazidən yığışdırılması, Arif Hüseynov küçəsinə bankomatın quraşdırılması, İlham Hacıyev küçəsində asfalt örtüyünün bərpa edilməsi, Ramiz Aboyev adına parkda işıqlandırılmanın təmiri, 8 Mart küçəsi ilə Əli Məmmədov küçəsinin kəsişməsində çökmüş asfaltın bərpa olunmasına köməklik göstərilməsi ilə əlaqədar müraciətləri əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
























