Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Bineqedi.info-ya verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub:
“Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. Hazırda araşdırma işləri davam etdirilir”.
***
Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında saat 10:45-ə olan məlumata görə, 6 nəfərə yerində yardım göstərilib.
Bu barədə Bineqedi.info saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.
***
Bakı şəhəri, Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğın davam edərkən oğurluq hadisəsi baş verib.
Bineqedi.info report-a isitinadən xəbər verir ki, oğurluğa görə 3 nəfər saxlanılıb.
***
Səhər saatlarında Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb.
Bineqedi.info saytı xəbər verir ki, bu barədə apa-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O qeyd edib ki, sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur: “Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədə uyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidə yolda sıxlıq müşahidə olunur. Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıt daxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Mağtağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsin. Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib”.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən Bineqedi.info-ya verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub.
Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.
Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nin 3 helikopteri və bütün yanğınsöndürən qüvvələr cəlb olunub.