“Qocalar evindən ailəyə qayıtmaq yenidən doğulmaq kimidir”

0
55
qocalar-evi

– Bağışlayın, Lətifə Səfərovanı necə görə bilərəm?
– Siz onun oğlusunuz?
– Yox, özü zəng edib çağırıb. Xatırlayırsınızsa, bir dəfə də gəlmişdim…
– Ehh ay bala, bir bilsəydin o, burda nə əziyyət çəkir. Mən qapıçıyam, yazıq arvad hər gün gəlib onu axtaran olub-olmadığını soruşur. Xeyli müddətdir qocalar evindədir, amma nə illah edir, uyğunlaşa bilmir. Elə bildim qohumusan, deyəcəkdim ki, imkan edin onu buradan çıxarın…
***
Hava buludlu və küləklidir. Yəqin Lətifə nənə bu havada otaqdan çölə çıxmaz. Yaxşısı budur, elə birbaşa otağına yollanım.
Qapını döyürəm, açır və diqqətlə üzümə baxır. Ağlamaqdan gözləri yenə qıpqırmızıdır. “Salam, Lətifə nənə”,-deyib dəvətini gözləmədən içəri daxil oluram.
“Çox darıxıram, ay oğul, sən də ki mən zəng vurandan-vurana yada salırsan nənəni. Səni də qınamıram, gərək bu qocalar evini şəhərə yaxın yerdə tikəydilər ki, gəlib-gedən çox olsun. Üstəlik, ürəyimiz darıxanda özümüz də şəhərə çıxaydıq, gəzəydik. Yoxsa bu yaşda o boyda yolu gedib-gəlmək olar? Elə bil yaxınlarımız kimi, bu şəhər də imtina edib bizdən”,-deyir.
***
Lətifə nənə ilə Müharibə və Əmək Əlilləri üçün Pansionatda 4-5 il öncə tanış olmuşam. Olduqca mülayim, nurlu, ziyalı bir xanımdır. Açığı, övladlarının onu atdıqlarını heç cür qəbul edə bilmirəm. Ömrünün yarıdan çoxunu övlad tərbiyəsinə, övlad böyütməyə xərcləyəsən, axırda da səni küçəyə atalar. Ona görə küçəyə atalar deyirəm ki, Lətifə nənəni qocalar evinə övladları yox, onun küçədə qaldığını görən xeyirxah insanlar gətiriblər…
Xatırladım ki, Lətifə Səfərova 1919-cu ildə Gəncə şəhərində dünyaya gəlib. İkiillik texnikum təhsilindən sonra indiki Dövlət İqtisad Universitetini bitirib. 1938-ci ildə isə ailə həyatı qurub. Həyat yoldaşı İkinci Dünya müharibəsində həlak olub. Bütün çətinliklərə baxmayaraq, uzun müddət Gəncədə və Ağdamda biologiya fənnindən dərs deyib. 1962-ci ildən 1986-cı ilə kimi Kənd Təsərrüfatı Nazirliyində metodist vəzifəsində çalışıb. İki oğlu var. 2003-cü ilin oktyabr ayından qocalar evində yaşayır…
***
Dediyinə görə, həyat yoldaşı 1940-cı ildə cəbhəyə yollanıb. Onda oğlu Vaqifin 1 yaşı var imiş: “O vaxtlar dolanışıq çox çətin idi. Orda-burda müxtəlif ev işləri görüb, Vaqifi yedizdirirdim. Bir gün yoldaşımın “qara kağız”ı gəldi. “Qara kağız” gələnədək ümidim vardı, fikirləşirdim ki, çətinliklər müvəqqətidir və yoldaşım cəbhədən qayıdandan sonra xoşbəxt günlərimizə qayıdacağıq. Amma…
Bu hadisədən sonra Vaqifə daha çox bağlandım. Çünki bundan sonra onun həm anası, həm də atası olacaqdım. Vaqifin isə heç nədən xəbəri yox idi. Bir az gec çörək verən kimi ağlayıb-sızlayırdı”.
Söhbətimizin bu yerində Lətifə nənə başına gəlmiş daha bir hadisəni nəql etmək istədiyini söyləyir. Dediyinə görə, bu hadisədən Vaqifin özü belə xəbərsizdir: “Bir gün səhər tezdən evdən çıxdım ki, iş tapıb görüm, əvəzində çörək versinlər. Özü də mən kişi, ya qadın işi olsun, fərq qoymazdım, təki çörək versinlər deyib, hər işə əl qoyardım. Səhərdən axşamadək küçələri dolaşdım, amma iş tapa bilmədim.
Kor-peşman evə qayıdırdım. Yol boyu düşünürdüm ki, görəsən çörək tapa bilmədiyimi Vaqifə necə başa salacağam.
Evə çatmağa az qalmış gördüm ki, böyük bir ağ it ağzında çörək parçası qaçır. Yəqin hardansa oğurlamışdı. Həmin an düşündüm ki, necə olursa-olsun çörəyi itin ağzından almalıyam. Başqa vaxt olsaydı qorxardım, qaçardım ki, it məni parçalayar. Amma bu dəfə Vaqifin qarnı ac idi deyə gözümə heç nə görünmədi. Beləliklə, düşdüm itin dalına. İt də ki, vallah, pələng boyda idi, elə qaçırdı ki, indiki cavan qadınlar ona çətin çatarlar. İt qaçdı, mən qovdum, mən qovdum, it qaçdı. Nəhayət, bir küçənin sonunda it qaçmağa yer olmadığını görüb geri döndü. Nəfəsim kəsilmişdi, əgər bu dəfə əlimdən çıxsaydı, onu tuta bilməyəcəkdim. İt də ac idi, çörəyi vermək istəmirdi. Mırıldaya-mırıldaya üstümə gəlməyə başladı. Yanımdan keçib qaçmaq istəyəndə atıldım üstünə. Çörəyi atıb üstümə cumdu. Əlimi, ayağımı dişlədi. Ağrılara çətinliklə də olsa dözüb çörəyi ələ keçirdim. Həmin gecə Vaqif doyunca yeyib mışıl-mışıl yatdı”…
***
Beləcə acı günlər davam edir və anası Lətifənin halına dözməyib ona ailə qurmağı təklif edir: “Anam əl çəkmirdi. Deyirdi ki, səni bu vəziyyətdə qoyub dünyadan köçsəm, necə rahat ola bilərsən? Digər qohumların da təkidi ilə ailə qurdum. Yoldaşım Vaqifə çox yaxşı münasibət göstərirdi. Sonradan bir oğlumuz da dünyaya gəldi. Adını Akif qoyduq. Amma bundan sonra yoldaşımın Vaqifə münasibəti dəyişdi. Təbii ki, bir ana kimi bu mənə çox pis təsir edirdi. Axı mən Vaqifin rahatlığı üçün ailə qurmağa razılıq vermişdim. O, Vaqifi döyür, “get qohumlarının yanında qal” deyirdi. Bir gün belə, bir ay belə, bir il belə, nəhayət, dözə  bilmədim və etirazımı bildirdim. “Uşaqlarını da götür, cəhənnəm ol”,-dedi”.
Bu vəziyyətdən sonra evlənməyi tövsiyə etmiş qohumları Lətifəyə qarşı daha diqqətli olmağa başlayırlar. Və beləliklə, o, övladlarını böyüdüb başa çatdırır: “Hərbi xidmətdən qayıdandan sonra Vaqifi evləndirmək qərarına gəldim. Qızı da özü seçdi. Öyrəndim ki, sevdiyi qız Tibb Universitetini bitirib. Evləndilər, bir müddət birgə yaşadıq. Sonradan Vaqif özünə ev aldı və bizdən ayrıldı. Dörd-beş il sonra Akifi evləndirmək qərarına gəldim. Akif ərköyün idi, onun qız seçməkdə yanılacağından narahat idim. Sevdiyi qız “SUM”da satıcı işləyirdi. İlk görüşdən hiss etdim ki, qızın məndən xoşu gəlmədi. Ondan valideynlərinin kim olduğunu, harada yaşadıqlarını soruşdum, cavab vermədi. Evə gələndən sonra bunları Akifə danışdım. Amma o razılaşmadı, israrla dedi ki, “sən imkan versən, mən o qızla xoşbəxt ola bilərəm”. Bundan sonra Akif günlərlə evə gəlmədi. Bir müddət sonra eşitdim ki, ailə qurub, kirayədə yaşayırlar. Dözmədim, xəbər göndərdim ki, yığışın gəlin evə. Akif də “SUM”da işə düzəlmişdi. İlk gündən gəlinim evin açarlarını məndən aldı və dedi ki, “nə oturursan evdə, çıx küçədə gəz, parkda dolaş”. Hətta bir neçə dəfə mənə əl qaldırmışdı. Akif isə bunları görməməzliyə vururdu. Böyük oğlum Vaqif başıma gələnlərdən xəbər tutanda məni öz evinə apardı. Onun üç qızı vardı, amma evi ikiotaqlı idi. Çox sıxılırdılar. Yoldaşı və qızları tez-tez Vaqiflə mübahisə edir və bu vəziyyətin nə vaxtadək davam edəcəyini soruşurdular.
Axır bir gün evdən çıxdım. Uzun müddət qalmağa yerim olmadı və bir gün yardımsevər insanlar məni bura gətirdilər”.
***

Lətifə nənə deyir ki, onlara bu pansionatda hər cür şərait yaradıblar: “Vaxtlı-vaxtında yeməyimizi, yardımlarımızı verirlər. Hətta bizə televizor da bağışlayıblar ki, darıxanda baxaq”.
Lakin bütün bunlara baxmayaraq, Lətifə nənə qocalar evinə uyğunlaşa bilmir: “Dua edirəm ki, Vaqifin imkanı yaxşılaşsın, özünə üçotaqlı ev alsın və məni burdan aparsın. Amma o da nədənsə xeyli müddətdir ki, məni yada salmır. Kim bilir, bəlkə də artıq 3 otaqlı ev alıb… Deyilənə görə, Akifin də vəziyyəti yaxşıdır, Bakıda qızıl mağazası var. Hər səhər gözümü açanda ümid edirəm ki, oğlum bu gün dalımca gələcək. Neçə “bu gün”ləri yola salsam da, nə ümidimi itirmişəm, nə də gözümü yollardan yığmışam. Bilirsinizmi, qocalar evindən doğma ailəyə qayıtmaq yenidən doğulmaq kimidir”.

***
Söhbətimizin bu yerində Lətifə nənə televizoru açır və telekanalların birində evlilik proqramına baxacağını deyir: “Başımızı çox qatır bu veriliş. Yaxşı proqramdır, amma gənclərin belə tez evlilik qərarı vermələri məni çox qorxudur. Bir dəfə çay içməklə bir-birini necə tanımaq olar axı? Qorxuram bu cür evliliklərdən sonra boşanmalar daha da arta”…
***
Lətifə nənədən son vaxtlar qocalar evinə yeni gələnlərin olub-olmadığını soruşuram. Bir az düşündükdən sonra deyir: “Eh, ay oğul, insan qocalar evində olanda həyatı daha dərindən dərk edir. Qocalar evi də fani dünya kimidir, kimin vaxtı tamam olur köçür, onun yerinə isə başqası gəlir. Bildiyimə görə, burda yerlər çoxdan dolub. Növbədə isə hələ çox adam var”.
Diqqətimiz yenə televiziya proqramına yönəlir. Aparıcının “müasir ailə” ifadəsi Lətifə nənənin yarasına sanki köz basır: “Nədənsə bizdə çoxları müasir ailəni hər şeydən imtina etməkdə görür. Elə bilirlər ki, müasir adam hər şeydən imtina etməlidir. Elə qocalar evində dörd divar arasında qalan ata-anaların da yarıdan çoxu bu cür “müasir ailələr”dən kənarlaşdırılanlardır. Belə ailələrdə böyüyən, tərbiyə alan uşaqlar da gələcəkdə öz valideynlərinə bu cür münasibət göstərəcəklər. Gənclərə, gənc ailələrə məsləhət görərdim ki, keçmişdən nümunə götürsünlər, adət-ənənələrimizi unutmasınlar, böyüklərə hörmət etsinlər. Azərbaycan ailəsi həmişə möhkəm təməllər üzərində qurulub. Möhkəm ailə güclü cəmiyyətin təməl daşıdır. Ailə azərbaycanlılar üçün müqəddəs ocaqdır. Gənclər bunları nəzərə alsalar, ailələri uzunömürlü və xoşbəxt olar”.
Veriliş qurtarmamış sağollaşıb otaqdan çıxmaq istəyirəm ki, Lətifə nənə tək qalanda yoxluğumu çox hiss etməsin. O isə sanki bunu hiss edirmiş kimi ayağa durub pəncərənin qarşısına qoyduğu boğçasını götürür. Bir xeyli eşələyəndən sonra boğçadan tapdığı məktubu mənə uzadıb deyir: “Götür bunları. Özümün və qocalar evində yaşayanların adından Mübariz İbrahimovun valideynlərinə – Ağakərim kişiyə və Şamama xanıma ürək sözlərimi yazmışam, imkanın olsa, qəzetdə çap edərsən”.
Məktubu açıb oxuyuram, üç cümlədən ibarətdir: “Bu məktubu sizə qocalar evində yaşayan hər bir atılmışın adından yazıram. İnanın, buradakıların hər biri sizin yerinizə olmağı çox istərdi. Təki bizim övladlarımız da Mübariz qədər şərəfli, mərd olaydılar…”
***
Lətifə nənə ilə sağollaşıb, onun qaldığı korpusu tərk edirəm. Tələm-tələsik həyətdən çıxmaq istəyəndə qocalar evinin girişində dayanmış ağ “Toyota” diqqətimi çəkir. Avtomobilin içərisində oturmuş ağsaçlı qoca yanındakı gəncin boynunu qucaqlayıb hönkür-hönkür ağlayırdı: “Nə yaxşı oldu, a bala, bilirdim ki, gəlib məni burdan aparacaqsan. Nə yaxşı oldu”…

****

Nicat İsmayılov

Qeyd: Bu yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər arasında keçirdiyi ən yaxşı məqalə müsabiqəsində birinci yerin qalib olub.

Əvvəlki məqaləYol polisləri Binəqədi məktəblərində maarifləndirici tədbir keçirib
Növbəti məqalədəBinəqədidə qayınla yeznənin ölümcül mübahisəsi – Təfərrüat