Bakıda və ölkəmizin əksər regionlarında hektarlarla sahəsi olan, şüşələri qırıq, avadanlıqları paslamış zavodlara rast gəlmək mümkündür. Sovetlər dönəmindən qalmış həmin zavodlardan elələri var ki, ərazisində restoranlar, şadlıq evləri tikilib istifadəyə verilib. Bəzilərinin ərazisində isə müxtəlif təyinatlı obyektlər inşa olunub və fiziki şəxslərə icarəyə verilib. SSR dövründən qalmış, bu gün fəaliyyət göstərməyən bir çox zavodların ərazilərində isə məcburi köçkünlər məskunlaşıblar. Lakin bütün bunlara baxmayaraq, hələ də həmin zavodların kifayət qədər ərazisi var.
Bəs həmin zavodları bərpa etmək, belə deyək, işsizliklə mübarizədə dəyərləndirmək mümkündürmü?
“Dövlət bu işlərə nəzarət etməlidir”
Hazırda pensiya yaşında olan, ömrünün 40 ildən çoxunu bu zavodlardan birində işləməklə keçirmiş Məzahir Qarayev deyir ki, həmin illəri tez-tez xatırlayır: “Səttarxan adına zavodda (keçmiş leytenant Şmidt zavodu) minlərlə işçi çalışırdı. Mən hər gün zavodda – sobanın istisində o qədər işləyirdim ki, səhərdən axşamadək 2-3 dəfə geyimimi dəyişirdim. İslaq geyimimizdən duz tökülürdü. Normal məvacib alar, ailəmizi dolandırardıq. Söhbət konkret olaraq həmin zavoddan getmir, ümumiyyətlə, bu gün elə zavodlara ehtiyac var. Baxırsan ki, Bakının çox yerində o zavodların ərazisi, binaları, avadanlıqlarının çoxu hələ də qalır. Lakin özləri işləmir. Əlbəttə, bu gün həmin zavodların bərpasına ehtiyac var. Düşünürəm ki, bunun üçün kifayət qədər işçi potensialı da var. Həm ölkəmizdə məhsul istehsalı artar, həm də iş yerləri açılar. Heyif ki, köhnə zavodların çoxunun ərazisində obyektlər tikilib icarəyə verilib. Bütün hallarda dövlət bu işlərə nəzarət etməlidir. Mən artıq pensiya yaşımdayam, hətta həmin zavodlar bərpa olunsa belə, orada işləyəsi deyiləm. Ümumən, fikrimi deyirəm ki, bu zavodlar dəyərləndirilsə, yeni avadanlıqlarla təmin olunsa, yaxşı olar – cavanlarımız gedib işləyər, ailələrini dolandırarlar. Bəli, o dövrdə işimiz çətin idi. Məsələn, sobanın istisi bizi yandırmasın deyə, əks istiqamətdən böyük ventilyatorlarla bizi sərinləşdirirdilər. Ventilyatorun küləyi o qədər güclü idi ki, bizi yıxmasın deyə, belimizdən kəmərlə bağlayırdılar. Yəni belə ağır şəraitdə çalışırdıq, ancaq bilirdik ki, ayın axırında evimizə maaş aparacağıq, ailəmizi dolandıracağıq. Avadanlıqlarının çoxu sıradan çıxmış həmin zavodları yəqin ki, yenidən bərpa etmək olar. Sadə bir misal deyim – fəaliyyətini dayandırmış həmin zavodlardan elələri var ki, 5-6, hətta 10 hektar ərazisi var. Satsınlar həmin ərazilərdən bir hissəsini və zavodu müasir standartlara uyğun bərpa eləsinlər. Təbii ki, dövlətlə razılaşdırılmış, planlaşdırılmış şəkildə. Təkcə zavodun bərpası ilə iş bitmir – xammal, satış bazarı və s. lazımdır”.
“Hazır məhsulun satışı kimi ciddi bir problem də var”
İqtisadi mövzular üzrə araşdırmaçı-jurnalist Dünya Sakitin isə məsələyə münasibəti bir qədər fərqli oldu: “Hazırda Bakıda çox az sayda keçmişin iri müəssisələri qalıb – demək olar ki, hamısı qeyri-işlək vəziyyətdədir. Sovet dövründə olan böyük zavod-fabriklərin əksəriyyəti satılıb, yerində yaşayış kompleksləri inşa olunub. Bəzilərinin xırda sexlərindən işləyənləri var. İndiki şərtlər daxilində o zavodların yenidən işə salınmasını mümkün saymıram. Çünki onların əksəriyyəti digər respublikalardan gətirilən xammal əsasında işləyirdi. İndi həmin respublikalardan xammalı alıb burda iş qurmaq çox bahalı, rentabelsiz iş olardı. Eyni zamanda o zavodların məhsulları da tək Azərbaycana deyil, bütövlükdə SSRİ ərazisinə hesablanmışdı. Yəni iş yalnız istehsalı qurmaqla bitmir, hazır məhsulun satışı kimi ciddi bir problem də var”.
“Bazar iqtisadiyyatı şəraitində belə müəssisələr demək olar ki, yaradılmır”
D. Sakitin sözlərinə görə, burada digər bir məsələ iri zavodların Bakıda yerləşməsinin yarada biləcəyi ekoloji problemlərdir: “Bütün bunları nəzərə almaqla, şəhər ərazisində iri – 1000-2000 nəfər işçisi olan zavod-fabriklərin qurulmasını məqsədəuyğun saymazdım. Lakin elə sahələr var ki, orada yerli xammal hesabına ən azı 500-600 nəfərin işləyəcəyi müəssisələr qurmaq mümkündür. Məsələn, şüşə və şüşə məmulatlarının istehsalı, neft-kimya məhsullarının istehsalı və sair. Hazırda Sumqayıt şəhəri ərazisində belə zavodların qurulması işləri gedir. Bəzi köhnə zavodlar müasirləşdirilib, istehsal daha qabaqcıl texnologiyalar əsasında qurulub”.
Müsahibimiz qeyd etdi ki, 2-3, bəzən 4-5 min nəfərin işlədiyi nəhəng müəssisələr sosialist ölkələrində – dövlətə məxsus olmaqla yaradılır bir qayda olaraq: “Bazar iqtisadiyyatı şəraitində isə belə müəssisələr demək olar ki, yaradılmır”.
“Azxərcli məhsul istehsal etmək imkanları məhduddur”
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov isə həmin zavodların bərpasını mümkün sayır: “Həmin zavodların böyük əksəriyyətinin texnologiyası artıq köhnəlib. Sumqayıtda zavodlar var ki, onların bəzilərinin istifadə edilməsi mümkündür. Ümumilikdə, Azərbaycanda zavodların böyük əksəriyyətinin texnologiyası köhnədir, amartizasiya xərcləri yüksəkdir. Onların bərpa edilməsi və xüsusən, innovativ, azxərcli məhsul istehsal etmək imkanları məhduddur. Ancaq həmin zavodların yenidən qurulması mümkündür. O zavodların həyəti var, geniş ərazisi var, bəzilərinin anbarları və digər hissələri var ki, onlar əslində texnoloji baxımdan tam köhnəlməyib. Bu baxımdan təbii ki, həmin zavodların bərpa edilməsi mümkündür”.
Vüqar Bayramov dedi ki, sözügedən zavodların bərpa edilməsi üçün isə indiki məqamda ən uğurlusu, birgə və ya xarici investisiyaların cəlb edilməsidir: “Azərbaycan kənardan xarici investisiyalar cəlb etməklə, mərhələli şəkildə həmin zavodların bərpasına sözsüz ki, nail ola bilər”.
“Texnoloji avadanlıqlarının dəyişdirilməsinə ehtiyac var”
Ekspertin sözlərinə görə, sovetlər dövründə fəaliyyət göstərmiş, lakin son illər fəaliyyət göstərməyən bir çox zavodların texnoloji avadanlıqlarının əksər hallarda tamamilə dəyişdirilməsinə ehtiyac var: “Hansı ənənəvi istiqamətlərimiz varsa, hansı ənənəvi istiqamətlər üzrə məhsul istehsal ediriksə, hansı məhsullar üzrə ixtisaslaşmışıqsa, ilk növbədə həmin ənənəvi istiqamətlərin bərpa edilməsinə ehtiyac var. Çünki bu istiqamətdə kadr potensialımız var, ənənəvi bazarlarımız var, müqayisəli üstünlüyümüz var. Bu baxımdan ilk növbədə o istiqamətlər üzrə istehsalın bərpa edilməsi ilk növbədə vacibdir. Həmin istiqamətlərdə bizim ənənəvi təcrübəmiz və üstünlüyümüz var”.
Nicat İsmayılov