Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında M.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən orta məktəblərdə yüksək bal toplayan məzunlarla pandemiya şərtlərinə uyğun şəkildə görüş keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov da iştirak edib. Görüşü giriş sözü ilə açan Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Bilik günü” münasibəti ilə bu il tələbə adını qazanan məzunları və məktəbin kollektivini təbrik etdi, yeni tədris illində onlara uğurlar arzuladı . Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlarından və təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışdı. Bu siyasətin uğurlu nəticələrinin Binəqədi rayonunun həyatında da öz əksini tapdığını vurğuladı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü, inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına söykənən siyasətin mühüm istiqamətlərindən birinin təhsil siyasəti olduğunu , ilbəil bu sahəyə artan dövlət qayğısı, bu istiqamətdə atılan addımların bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaratdığını vurğuladı. Cənab prezident lham Əliyevin övladlarımızın yüksək səviyyəli təhsil almasına, onların qazandığı bilik və təcrübə ilə müstəqil Azərbaycanın tərəqqisinə töhfə vermələri üçün lazımi şərait yaradıldığını qeyd etdi.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov rayonumuzun çətin bilik yarışmasında qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirdi ki, onların bu qələbəsi- tələbə adını qazanması bu gün daha böyük önəm daşıyır.Çətin pandemiya şəraitində məcburən dəyişdirilmiş tədris prosesindən keçərək gecə -gündüz çalışaraq dövlətimizin çox çətin, ekstremal şəraitdə insanların həyat,məişət və təhsil şəraitinin zərər görməməsi üçün həyata keçirdiyi təxirəsalınmaz tədbirlər fonunda arzuladıqları tələbə adına qovuşmaqları böyük fədakarlıqdır. Bildirdi ki, indi onların qarşınızda xalqımızın xoş rifahı və tərəqqisi yolunda böyük və məsul vəzifələr durur.Bu gün Respublikamızda Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevin səyləri ilə çox böyük işlər görülür, islahatlar aparılır. Təkcə 2019-2020-ci tədris ilində ölkəmizdə 50 –si modul tipli olmaqla, 87 məktəb tikilmiş və ya əsaslı təmir edilərək şagirdlərin ixtiyarına verilmişdir. Bununla da Azərbaycanda təhsil müəssisələrinin sayı 3900-a çatmışdır. Bu müddət ərzində 110 mindən çox tələbənin təqaüdü artırılmış,17 mindən çox tələbə təhsil haqqından azad edilmişdir. Koronovirus pandemiyasına baxmayaraq, ölkəmizdə tədris prosesi dayandırılmamış, 100 mindən artıq şagird- əsasən yuxarı sinif şagirdləri- distant təhsilə cəlb edilmişlər. Çətin tədris prosesinə baxmayaraq, on minlərlə məzun uğurla imtahan verərək, ölkəmizin və bir sıra xarici ölkələrin ali məktəblərində təhsil almaq hüququ qazanmışlar. Dünyanın 90 ölkəsindən 6600 tələbə də təhsilini
Azərbaycanda davam etdirməyə qərar vermişlər. Bu, Azərbaycanın tədris sisteminə dünya səviyyəsində marağın artması kimi qiymətləndirilə bilər.
Daha sonra Ali məktəblərə qəbul zamanı yüksək nəticə əldə edərək tələbə adını qazanmış 100 № li tam orta məktəbin məzunu Rzayev Murad ,144 № li tam orta məktəbin məzunu Əliyeva Nərmin, 143 № li tam orta məktəbin məzunu Akqbayev Malik , 115 № li tam orta məktəbin məzunu Cahangirli Emil ,99 № li tam orta məktəbin məzunu İsmayılov Kamran ,99 № li tam orta məktəbin məzunu İsmayılzadə Yusif ,30 № li tam orta məktəbin məzunu Orucəliyeva Günaya Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov və Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Bu il ən yüksək balla ali məktəblərə qəbul olunan məzunlar adından çıxış edən 100 № li tam orta məktəbin məzunu Rzayev Murad onlara göstərilən diqqət və qayğıya görə Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatına və millət vəkili Kamaləddin Qafarova öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra məktəb kollektivi adından çıxış edən 30 nömrəli məktəbin direktoru Rübabə Abdullayeva, 99 nömrəli məktəbin direktoru Ofelya Məmmədova və bu il 700 ballıq ən yüksək nəticə göstərmiş Kərimli Əzizin oxuduğu 276 nömrəli məktəbin direktoru Bəhram Şiriyev çıxış edərək bildirdi ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub və bu sahədə böyük nailiyyətlər əldə edilib. Təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılmasıdır.
Sonda Ali məktəblərə qəbul zamanı yüksək nəticə əldə edərək tələbə adını qazanmış məzunlarla xatirə şəkili çəkildi.
Bineqedi.info