Bakının bu rayonlarında subasma problemi həll olundu – Fotolar

0
47

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümünə hazırlıqlar çərçivəsində tədbirləri davam etdirir.

Bineqedi.info-ya daxil olan məlumata görə, payız və qış aylarında yağıntıların intensivləşəcəyi nəzərə alınaraq tullantı su infrastrukturunun istismar vəziyyəti yoxlanılır, şəbəkə və kollektorların, yağış barmaqlıqları və baxıcı quyuların istismar vəziyyəti öyrənilir. Tədbirlər Planına uyğun olaraq Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında subasma təhlükəsi olan nöqtələr müəyyən edilib.

Qeyd edək ki, yay mövsümündə havaların quraq və küləkli keçməsi ilə əlaqədar ətrafdakı qum, çınqıl, torpaq, eləcə də bərk məişət tullantıları kanalizasiya xətlərinə və yağış barmaqlıqlarına dolur. Xətlərdə bərk tullantıların yığılması şəbəkə və kollektorların ötürmə qabiliyyətini azaltmaqla onların istismarını çətinləşdirir.

Sentyabr ayının əvvəllərindən kanalizasiya kollektorları, xətləri və yağış barmaqlıqlarında toplanmış bərk tullantıların təmizlənməsi, həmçinin onların yuyulması istiqamətində kompleks tədbirlərin icrasına başlanıb. Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilir.

Xüsusi texnikanın köməyi ilə kollektorlara yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənir və lilsoran qurğu vasitəsilə çıxarılır. Kollektorların, xətlərin və yağış barmaqlıqlarının təmizlənməsi mövcud infrastrukturun tam gücü ilə işləməsinə gətirib çıxarır. Bununla da xətlərdəki tutulmaların qarşısı alınır və intensiv yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur. Tədbirlər Planına uyğun olaraq cari ilin sentyabr ayında paytaxtın 14 nöqtəsində 15 km uzunluğunda 500-1500 mm diametrli  kollektorların yuyulması nəzərdə tutulub. İndiyədək ümumi uzunluğu 10 km olan kollektorlar təmizlənib və bu istiqamətdə işlər davam etdirilir. Kollektorlarla yanaşı, kiçik diametrli daşıyıcı tullantı su xətləri və yağış barmaqlıqları da  bərk məişət tullantılarından mütəmadi olaraq təmizlənir. Ötən müddətdə 95 km tullantı su, 14 km yağış suları xəttində, 7500 baxış quyusunda, həmçinin  3400-dən çox barmaqlıqda təmizləmə işləri aparılıb.




Əvvəlki məqaləBinəqədidə konfrans: “Ermənistan beynəlxalq sülhə təhlükədir”
Növbəti məqalədəBinəqədidə “Məlumat saatı” formatında videomüşavirə keçirilib