“Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur”

0
71

“Biz əməkdaşlığa açıq olan ölkəyik. Azərbaycanda müxtəlif xalqların nümayəndələri uzun illərdir ki, birgə yaşayır. İkinci Qarabağ Müharibəsi bunu bir daha göstərdi. Bütün xalqların nümayəndələri yumruq kimi birləşdi”.

Bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında Xocalı sakinlərinin ermənilərlə birgə yaşamaq istəyib-istəməməsi ilə bağlı suala cavab verərkən deyib.

Prezident bildirib ki, azərbaycanlılar ermənilərlə müxtəlif ölkələrdə birgə yaşayır: “Bu yaxınlarda mənə verilən məlumata görə, azərbaycanlı jurnalist Ermənistanın eks-müdafiə nazirinin bacısını da tapmışdı. Həmin şəxsin doğmaca bacısı burada yaşayır. Ona bir söz deyən varmı? Yoxdur.

Biz bundan sonra da buna hazırıq. Mən buna əminəm ki, köçkünlər sülhməramlı missiyanın tərkibində olan bölgələrə qayıtmalıdır. O cümlədən Xocalıya da biz qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır.  Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Biz heç kimi tələsdirmək, məcbur etmək istəmirik. Bizim birinci mərhələdə məqsədimiz azad edilmiş torpaqlara vətəndaşların qayıtmasıdır. Müharibədən 4 ay keçməmiş Ermənistan rəsmi şəxsləri ilə təmaslar qurulur. Bu proses müsbət istiqamətdə gedir”.

“Xarici əsgərlərin Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu, hərbi baza anlamına gəlmir”.

Dövlət başçısı qeyd edib ki, sülhməramlı missiyanı Rusiya tərəfi icra edir:

“Hesab edirəm ki, onlar bu işi müvəffəqiyyətlə icra edirlər. Hərdənbir bəzi problemlər yaşanır. Ancaq ümumilikdə qənaətbəxş hesab oluna bilər. Fəaliyyət 5 il müddətində nəzərdə tutulur. 5 ildən sonra Azərbaycan fərqli fikir sərgiləsə, onların fəaliyyətinə son veriləcək”.

“Ermənistan tərəfi ilk gündən mənim sözümə qulaq assaydı, bu dərəcədə alçaldıcı məğlub olmazdı və itkilərin sayı bu qədər olmazdı”.

Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfi Rusiya Prezidenti Vladimir Putinin də sözlərinə qulaq asmayıb: “Müharibə zamanı biz Prezident Putinlə həmişə təmasdaydıq. Ermənistan baş naziri ilə müharibədə birbaşa təmasımız olmayıb, nə də indi var.

Amma Prezident Putin vasitəsilə bir-birimizə müxtəlif mesajlar göndərirdik. Putin də bunu deyir ki, Ermənistan baş naziri onun sözlərinə qulaq asmayıb. O məcbur oldu ki, hardasa qaranlıq otaqda kapitulyasiya aktı imzaladı.

Burada hər şey Ermənistan rəhbərliyinin hansı mövqe tutmasından asılıdır. Bizim siyasətimiz aydındır: biz sülhə yönəlmişik. Bizə müharibə lazım deyil, bu, məcburi bir tədbir idi. Bu tədbir çox uzun, 30 il sürən faydasız vasitədən daha səmərəli idi.

Biz hər şeyi diqqətlə izləyəcəyik. Hər şey istədiyimiz kimi getsə, müəyyən bir mərhələdə sülh sazişi də imzalaya bilərik. De-fakto 10 noyabr bəyanatı əslində elə sülh razılaşmasıdır. Bir ölkə o biri ölkənin üzərində qələbə qazanır, bir tərəf kapitulyasiya aktı imzalayır. 10 noyabrda imzalanan sənəd Ermənistanın kapitulyasiyası deməkdir”.

Əvvəlki məqaləBinəqədidə “Xocalı soyqırımını unutma” mövzusunda müsabiqə keçirilib
Növbəti məqalədə“Rusiya Prezidenti bu sənədin qarantı kimi çıxış edir”