BMT Təhlükəsizlik Şurası (TŞ) noyabrın 17-də Qəzza üzrə sülh planı qətnaməsini təsdiqləyib. Bu sənəd ABŞ Prezidenti Donald Trampın uyğun təkliflərinə əsasən hazırlanıb.
Trampın 20 bəndlik planında müharibənin dərhal sona çatması, İsrail qüvvələrinin razılaşdırılmış xətlərə çəkilməsi, bu prosesdə hava hücumları və artilleriya bombardmanının dayandırılması, bütün əsirlərin (sağ və ya cəsəd) qaytarılması, Qəzzanın demilitarizasiyası və HƏMAS-ın tərk-silahı üçün ərəb dövlətlərinin öhdəlik götürməsi, İordan çayının qərb sahili, Colan təpələri və Qüds məsələsində İsrailin suverenliyini tanıması kimi məsələlər öz əksini tapıb.
Planın diqqətçəkən bəndlərindən biri də Qəzzanın idarə edilməsi ilə bağlıdır. Belə ki, ərazi müvəqqəti olaraq texnokrat və qeyri-siyasi bir Fələstin komitəsi tərəfindən idarə olunacaq. Komitəyə beynəlxalq ekspertlərdən ibarət “Sülh Şurası” nəzarət edəcək. Fələstin rəhbərliyi lazımi islahatları tamamlayaraq Qəzzanı nəzarətinə alana qədər zolağın yenidən qurulması və maliyyələşdirilməsi bu qurum tərəfindən idarə ediləcək, HƏMAS və başqa silahlı qruplar Qəzzanın idarəetməsində heç bir rol almayacaq, tunellər və silah istehsalı obyektləri dağıdılacaq, yenidən inşa edilməyəcək.
Şuraya Donald Tramp, Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer və adları sonradan açıqlanacaq başqa tanınmış şəxslər daxil olacaq.

Həmçinin, qətnamədə bir neçə ilkin şərt yerinə yetiriləcəyi halda Fələstin dövlətinin yaradılması ehtimalından da bəhs edilib. Sənəddə Qəzza zolağında beynəlxalq hərbi kontingentin yerləşdirilməsi nəzərdə tutulub.
BMT TŞ-nin sözügedən sənədi təsdiqləməsi həm də Qəzza sülh planının ikinci mərhələsinin başlandığını təsdiqləmək anlamına gəlir. Birinci mərhələdə atəşkəsin əldə edilməsi, əsir və girovların (ölənlərin nəşlərinin qaytarılması da daxil olmaqla) qaytarılması nəzərdə tutulub. Bu şərtlər, demək olar ki, təmin olunur. Belə ehtimal etmək olar ki, şərti ikinci mərhələdə Qəzza Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi, “Sülh Şurası” və bölgənin idarə edilməsi orqanının, komitənin yaradılması kimi maddələrin icrası başlayacaq.
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun ABŞ-yə səfərinin bu günlərdə reallaşması həm də Tramp planının icrasının davamı da ola bilər. Noyabrın 18-də ABŞ Prezidenti Ağ Evdə səudiyyəli qonağı qəbul edəcək.

Yeri gəlmişkən, vəliəhdin ABŞ səfərində Krallığın “İbrahim Sazişləri”nə qoşulması və “F-35” qırıcılarının Səudiyyəyə satılması məsələlərinə də aydınlıq gələcək.
Bir müddət əvvəl Donlad Tramp demişdi: “Ümid edirəm ki, Səudiyyə Ərəbistanı tezliklə “İbrahim Sazişləri”nə qoşulacaq”. O, “F-35” qırıcılarının tədarükünü əhatə edən Səudiyyə Ərəbistanı ilə potensial müdafiə müqaviləsi bağlamaq imkanını nəzərdən keçirdiyini təsdiqləyib.
Bu səfər İsraillə Səudiyyə Ərəbistanı arasında da münasibətlərin normallaşdırılması istiqamətində müzakirələrə yol aça və gələcəkdə addımların atılmasına şərait yara bilər. Çünki yuxarıda qeyd etdiyimiz iki şərtin təmin olunması üçün yəhudi və müsəlman-ərəb dövlətləri arasında münasibətlər normallaşmalıdır. Bu şərtlər təmin olunmadan Səudiyyə Ərəbistanına güclü hərbi texnika və döyüş təyyarəsinin verilməsi riskli sayılır. Mütəxəssislərin rəyincə, “F-35” qırıcıları bir neçə dəqiqəyə İsrail ərazisinə daxil ola bilər.
Qəzza zolağında Tramp planının uğurla reallaşması, ilk növbədə, ərəb dövlətlərinin onu dəstəkləməsindən asılıdır. Bu baxımdan, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya və başqalarının iştirakı ilə oktyabrın 13-də Misirin Şarm-əş-Şeyx şəhərində keçirilən Beynəlxalq Sülh Sammitində bölgədə atəşkəs haqqında qətnamə imzalanıb. Odur ki, BMT TŞ-nin ötən gün qəbul etdiyi sənəd Tramp planının dönməz xarakter alacağını ehtimal etməyə əsas verir.

Şuranın 15 üzvündən 13-ü onun lehinə səs verib. Rusiya və Çin isə tərəfsiz qalıb. Belə düşünmək olar ki, bu, plana qarşı olmaqdan daha çox onun təkmilləşdirilməsi məqsədi ilə atılan addımdır.
Prezident Tramp sosial şəbəkə səhifəsində bildirib ki, qətnamənin qəbulu Təşkilatın tarixində ən əhəmiyyətli qərarlardan biri kimi tarixə düşəcək, dünyada sülhü gücləndirəcək. O, BMT-yə və Təhlükəsizlik Şurasının bütün üzvlərinə – Çin, Rusiya, Fransa, Böyük Britaniya, Əlcəzair, Danimarka, Yunanıstan, Qayana, Cənubi Koreya, Pakistan, Panama, Sierra Leone, Sloveniya və Somaliyə təşəkkür edib.
ABŞ lideri Qəzza zolağında sülhlə bağlı səylərini dəstəkləyən ölkələrə – Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə və İordaniyaya da minnətdarlığını bildirib.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Maykl Uolts bəyan edib ki, Qazzada təhlükəsizliyi təmin etmək, demilitarizasiyanı və humanitar yardımların çatdırılmasını nəzarət altında saxlamaq üçün bölgədə vahid komandanlıq altında İndoneziya, Azərbaycan və başqaları kimi əsasən müsəlman ölkələrini təmsil edən sülhməramlıların güclü koalisiyası yerləşdiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin milli bayramı münasibətilə Prezident Mahmud Abbasa təbrik məktubunda bildirmişdi: “Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Şarm əş-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitinin nəticələrinin regionda sülhə, sabitliyə, əmin-amanlığa töhfə verəcəyinə ümidimi ifadə edirəm.

Biz bundan sonra da Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik”.
Bu onun göstərir ki, Şarm-əş-Şeyx sammitinin iştirakçıları Tramp planının davamını dəstəkləyir. Prosesin davamına qarşı əvvəllər Rusiya və Çin açıq şəkildə çıxış etsə də, səsvermə zamanı tərəfsizlik nümayiş etdirməklə onlar gələcəkdə manevr etmək imkanını özlərində saxlayıblar.
HƏMAS hələ komitədə təmsil olunmağa səy göstərir, Rusiya və Çin “Sülh Şurasında” təmsil olunmadığı üçün cığallıq edir. İsrail isə bundan sonrakı mərhələdə Fələstini tanımayacağı barədə bəyanatlar verir. Ancaq hadisələr bunların da zamanla öz həllinin tapacağını istisna etmir. Çünki Qəzza zolağında sülh planının reallaşması tədricən geridönməz hal alır. Bölgədə münaqişəni dəstəkləyən İran hakimiyyəti isə daha çox beynəlxalq ictimaiyyətin ona münasibətini dəyişməyə çalışır.
Beləliklə, BMT TŞ-də qəbul edilən qətnamə Qəzza zolağında sülh və sabitlik üçün ikinci addımın atılmasından xəbər verir. Fələstin-İsrail münaqişəsinin beynəlxalq güclər tərəfindən istifadə müddəti isə başa çatmaq üzrədir. Belə getsə, bölgədə çadır “evlər”in ömrü də uzun sürməz…

















