Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atması ilə bağlı birgə açıqlama yayıb.
13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb.
Nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd edib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır.