Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya Yox!” adlı tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirin qonağı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev olmuşdur.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Samir Kazımov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və gənclər iştirak etmişdir.
Layihənin rəhbəri və moderatoru Fərəh Quliyeva rəsmiləri və iştirakçıları salamlayaraq qonaq haqqında məlumat verib. Moderator tərəfindən şöbə rəisi, polis mayoru E.Hacıyevə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınmasında həyata keçirilən tədbirlər, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən işlər və onların nəticələri barədə məlumat verməsi üçün suallar ünvanlayıb.
Çıxışında DİN-in şöbə rəisi, polis mayoru Elşad Hacıyev görüşün olduqca aktual mövzuya həsr edildiyini vurğulayıb. Narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadları barədə geniş məlumat verən nazirlik rəsmisi narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirib. Şöbə rəisi ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması yönündə məqsədyönlü iş aparıldığını deyən E.Hacıyev qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirlərinə toxunub. İctimai maarifləndirmə işlərinin əhatəsinin daha da genişləndirildiyini fikirlərinə əlavə edən şöbə rəisi çıxışının sonunda gəncləri ehtiyatlı olmağa çağırıb, bəşəriyyətin ən ağrılı problemlərindən olan, ciddi təhlükə mənbəyinə çevrilən narkomaniyanın sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükə daşıdığını vurğulayıb və öz tövsiyələrini verib.
Daha sonra nazirlik rəsmisi gənclərin suallarını cavablandırmış, xatirə şəkli çəkdirmişdir.
Bineqedi.info









