Bakıda dələduzluqda təqsirləndirilən Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri A. Əliyeva və bacısı İ. Turkutun məhkəməsi başlayır.
Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Rasim Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, ilkin məlumata görə, A. Əliyeva bacısı İ. Turkut ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq etməkdə ittiham olunurlar.
Belə ki, onlar vətəndaşların birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinirlər.
Eyni zamanda A. Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satmaqda ittiham olunur.
Araşdırma zamanı həmin şəxslərin daha 9 nəfərə qarşı dələduzluq etmələrinə şübhələr müəyyən olunub.
Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.
A.Əliyeva və İ.Turkuta qarşı Cinayət Məcələssinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.