Ceyhun Bayramov: “Rəsmi İrəvan sülh çağırışına cavab vermir”

0
110

“Ermənistandan münasibətlərin normallaşması ilə bağlı bəzi müsbət mesajlar var. Biz bunları müsbət addımlar kimi görürük. Ermənistan və Azərbaycanın bu istiqamətdə irəliləməsi bütün region ölkələrinin marağındadır. Ermənistanın işğalçı və təcavüzkar siyasəti son 30 ildə Ermənistana fəlakətdən başqa heç nə gətirməyib. Ermənistan administrasiyası bunu anlamalı və düzgün nəticə çıxarmalıdır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Azərbaycanın qərb vilayətləri ilə Naxçıvanı Ermənistan ərazisindən quru və dəmir yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi üzrə danışıqlara toxunan C.Bayramov bu məsələ ilə bağlı hələlik yekun nəticənin olmadığını, Ermənistanın müxtəlif bəhanələrlə onu uzatmaqda davam etdiyini söyləyib:

“Ermənistan regionda ən məhdud nəqliyyat vasitələrinə malik ölkədir və bu səbəbdən Zəngəzur dəhlizinin reallaşması regionun digər ölkələri kimi Ermənistan üçün də vacibdir”.

“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir və bunu bir neçə dəfə yüksək səviyyədə bəyan edib”.

XİN başçısı qeyd edib ki, rəsmi Bakı Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların keçirdiyi üç görüşü çox müsbət qiymətləndirir:

“Türkiyə və Azərbaycan Ermənistana açıq şəkildə deyir ki, bizim Ermənistanla hər hansı problemimiz yoxdur. Ermənistanla normal qonşuluq münasibətləri qurmağın tərəfdarıyıq. Bunları pozitiv addımlar olaraq görürük. Bu istiqamətdə irəliləmək, başda Ermənistan və Azərbaycan olmaqla bütün bölgə ölkələrinin mənafeyinə uyğundur. Qonşu ölkələrlə, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdıraraq inkişaf üçün zəmin yaratmaq hamıdan çox Ermənistanın özü üçün faydalıdır”.

“Azərbaycan həmişə bütün dövlətlərlə mehriban qonşuluq münasibətlərinin həyata keçirilməsinin tərəfdarı olub, lakin 90-cı illərdə Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirdiyi üçün Ermənistan istisnadır”.

Birinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini xatırladan Ceyhun Bayramov bu səbəbdən işğal dövründə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar aparılmadığını qeyd edib.

“Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistanın işğalına son qoyub və bundan qısa müddət sonra Azərbaycan keçmiş hadisələri bir kənara qoyub, Ermənistanı iki ölkə arasında münasibətlərin normallaşması və sülh sazişinin əldə olunması üçün lazımi addımlar atmağa çağırıb.

Təxminən 1 ilə yaxındır ki, Ermənistan bu çağırışa cavab vermir. Buna baxmayaraq, Azərbaycan bu ilin əvvəlində iki ölkə arasında mümkün sülh sazişinin əsas prinsiplərini yazılı şəkildə İrəvan administrasiyasına çatdırıb”, – nazir qeyd edib. modern.az

Əvvəlki məqaləPrezident İlham Əliyev və xanımı “Şərq Bazarı”nın açılışında – FOTOLAR
Növbəti məqalədəBinəqədidə yaşayan Azad kişinin göyərçinləri – VİDEO