Bakı Ağır Cinayətlər Məhkəməsində “New Life” reabilitasiya mərkəzində narkomaniyadan əziyyət çəkən şəxsin ölümündə təqsirləndirilən mərkəz rəhbəri Orucəli Heydərov və müəssisənin 4 əməkdaşının işi üzrə məhkəmə prosesi keçirilib.
Bineqedi.info saytı Trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Onlar iş üzrə özlərini təqsirli bilməyiblər.
Proses iyulun 18-də davam etdiriləcək.
İttihama görə, adıçəkilən müəssisədə narmomaniyadan müalicə olunan şəxslərə xüsusi işgəncələr verilməsi faktları aşkarlanıb. Hadisə nəticəsində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədov işgəncələrdən həyatını itirib.
Digər üç nəfər-Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş zərərçəkmiş qismində tanınıb.
Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.
İttihama görə, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Bineqedi.info