Binəqədi Mərkəzi Mədəniyyət Evində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüşdə iştirak edən qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, Elektron Hökümət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd etdi və görüşdə iştirak edən sakinlərin kanalizasiya xəttinin çəkilməsi, küçə adının dəyişdirilməsi, qəsəbə ərazisində içməli suyun çatışmazlığı, küçə işıqlandırılması, asfalt örtüyünün çəkilməsi, vətəndaşın işlə təmin olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.info















