Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə keçirdiyi qapalı görüş barədə yeni məlumatlar yayıb.
Bineqedi.com saytı modern.az-a istinadən xəbər verir ki, yayılan məlumata görə, Dilican şəhərində keçirilən qapalı görüşdən dərhal sonra hakimiyyətin təsiri altında olan KİV-lər Azərbaycanla “sülh müqaviləsi”nin imzalanması məsələsinin aktuallığını gündəm ediblər.
Qeyd olunur ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında “sülh müqaviləsi” bağlana bilər. Amm hansı şərtlər altında, bu haqda təfərrüatlar məlum deyil.
Erməni mətbuatı yazır ki, qapalı görüşdə Qarabağa dair mövcud fikir ayrılıqlarının təkcə Ermənistan-Azərbaycan münasibətlərində deyil, həm də Qərblə Rusiya arasında olduğu vurğulanıb.
“Hraparak” nəşrinin məlumatına görə, Paşinyan qapalı görüşdə deputatlara deyib ki, avqustun 31-də Azərbaycan lideri İlham Əliyevlə danışıqların əsas konstruktiv epizodu və ya nailiyyəti onların sülh müqaviləsi ilə bağlı ilkin razılığa gəlmələri olub.
Paşinyan deyib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən son görüşdə
danışıqlar nəticəsiz qalmayıb. Baş nazirin sözlərinə görə, rəsmi Bakı üçün Ermənistanın Qarabağdan imtina etməyi prinsipial məsələdir:
“Brüsseldə Əliyev “Artsax məsələsi”nin həll edildiyini, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımalı olduğunu və “Artsax erməniləri”nin Azərbaycan daxilində milli azlıq statusunu davam etdirməli olduğunu təkid edib”, – deyə “Hraparak” yazır.
Paşinyan deyib ki, Ermənistan Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu qorumalıdır, amma indiki şərtlər daxilində müstəqillikdən danışmaq real deyil, lakin şərtlərə uyğun olaraq hansısa status müəyyən edilməlidir.
Bununla belə, o, həmçinin əlavə edib ki, Qarabağla bağlı istənilən variant İlham Əliyev üçün qəti şəkildə qəbuledilməzdir.
“Hraparak” yazır ki, qapalı görüşdə deputatlar Paşinyana belə bir sual veriblər: Hazırkı “status-kvo” qorunub saxlanılsa və Ermənistan bu qeyri-müəyyən vəziyyəti uzatsa, müqaviləni imzalamasa, rəsmi İrəvanın Azərbaycan tərəfindən təzyiqlərə məruz qalmayacağına, “yeni Fərrux əməliyyatları”nın keçirilməyəcəyinə zəmanət varmı?
“Cavab belə olub ki, heç bir zəmanət yoxdur”, – deyə qəzet qapalı görüşün təfərrüatları barədə yazısında qeyd edib.
Bu halda hakim partiyanın deputatları baş nazirə təklif etdilər ki, “ən doğrusu Rusiya Federasiyasını şantaj etməkdir ki, ya Qarabağ ermənilərinin təhlükəsizliyini qoruyur və azərbaycanlıları cilovlayırsan, ya da Qarabağ ermənilərinin Ermənistana köçürüldüyünü elan edir və sülh müqaviləsi imzalanmasına razılaşırsan”.
Deputatlar məsuliyyətin bir ucunun da Qarabağ separatçılarına yönəltməyin, onların Rusiyaya bağlı olduqlarını göstərməyin vacibliyini vurğulayıblar.
“Nə qədər təəccüblü olsa da, Paşinyan bu təkliflər qarşısında susub”, – deyə “Hraparak” yazıb.
Nəşrin yazısında qeyd olunur ki, baş nazir Paşinyan həm Qərbin, həm də Rusiyanın qarşısında manevr etməklə təhlükəli davranışlar nümayiş etdirir.
“Baş nazirin deputatlarla Dilicandakı görüşündə “sülh sazişi”nin imzalanmasına mane olan məsələlərdən biri kimi “Zəngəzur dəhlizi” göstərilib. Ermənistan yolun açılmasının tərəfdarıdır, lakin Əliyev təkid edir ki, ona yol yox, dəhliz lazımdır”, – “Hraparak” qeyd edib.